ABŞ-ın Arizona ştatının paytaxtı Finiks şəhərinin merinin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edilib.
Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bəyannamədə şəhər meri Qreq Stənton yüzlərlə azərbaycanlının Finiks şəhərində yaşadığını və bu şəhəri ziyarət etdiklərini bildirərək, onların şəhərin həyatına öz yaradıcılıq ruhu və gərgin əməyi ilə qiymətli töhfələr verdiklərini qeyd edib. O, Azərbaycan xalqı ilə Arizona əhalisi arasında münasibətlərin getdikcə gücləndiyini vurğulayaraq, bu münasibətlərin dostluğa, qarşılıqlı əməkdaşlığa və hörmətə əsaslandığını diqqətə çatdırıb. Mer bu səpkidə mədəniyyət və təhsil mübadilələrinin faydalı olduğunu bildirib. Bəyannamədə Azərbaycan xalqı ilə Finiks sakinləri arasındakı dostluğun bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyi qeyd olunub. Sonda mer 28 may, 2014-cü il tarixini Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edib və bütün şəhər sakinlərini bu günü və Azərbaycan ilə ABŞ arasındakı böyük dostluğu qeyd etməyə çağırıb. Xatırladaq ki, bu il Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan Kaliforniya ştatının Monterey və Havay ştatının Honolulu şəhərləri, eləcə də Nyu Meksiko ştatı 28 mayı “Azərbaycan Milli Günü” elan ediblər. Qeyd edək ki, 1,5 milyon insanın yaşadığı Finiks şəhəri Arizona ştatının ən böyük, ABŞ-ın isə 6-cı ən böyük şəhəridir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !