ABŞ-ın Oklahoma ştatının Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

16:39 | 16.04.2014
ABŞ-ın Oklahoma ştatının Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

ABŞ-ın Oklahoma ştatının Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, qətnamə Senat sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiqlənib. Senator Tom İvester (Tom Ivester) tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisidir. Qətnamədə Azərbaycanın zəngin dövlətçilik və multikulturalizm ənənələrinə vurğu salınaraq Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkədə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi, Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40%-nin Azərbaycanın ərazisindən daşındığı bildirilir. Sonda  qətnamədə Oklahoma qanunverici orqanının "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ hökumətinə müraciəti əks olunub. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı, general-mayor Qriqori Fergüson (Gregory Ferguson) çıxış edib. Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən general Fergüson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən çox bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdırıldığını söyləyib.  Daha sonra səfir Elin Süleymanov Senatda çıxış üçün dəvət edilib. Səfir öz növbəsində qanunverici orqan mənsublarına öz dərin təşəkkürünü bildirərək bu sənədin ştatla Azərbaycan arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM