"Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsini Azərbaycanın suverenliyinə hörmət etmədən həll etmək mümkün deyil”. "Cümhuriyət” qəzeti xəbər verir ki, bunu ABŞ Konqresinin Helsinki komissiyası tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunan brifinqdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O qeyd edib ki, gərginlik riski hər zamankından daha çoxdur və möhkəm sülhün əldə olunması üçün səyləri daha da artırmaq lazımdır.
Münaqişənin sülh yolu ilə həllinin üstünlüklərindən danışan C.Uorlik bildirib ki, sülhün əldə olunacağı təqdirdə Ermənistan sərhədlərin açılmasından, qonşularla qarşılıqlı fəaliyyət imkanlarından xeyir görəcək.
Vaşinqtondan işğalçıya zərbə
Ermənistan – Azərbaycan münaqişəsinin həll prosesinə girdiyi 1994-cü ildən bu günədək ilk dəfədir ki, ABŞ-dan problemin Azərbaycanın suverenliyi nəzərə alınaraq həll edilməsi təklif olunur. Bu baxımdan vaxtilə Minsk qrupunda həmsədr olarkən münaqişə ilə bağlı işğalçının – Ermənistanın lehinə olan açıqlamaları ilə tez-tez gündəmə gələn Ceyms Uorlikin səsləndirdiyi fikirlər son dömələrdə ABŞ-ın Qarabağla bağlı etdiyi strateji dəyişikliklə əlaqələndirilir. Nəzərə alsaq ki, Uorlikdən sonrakı həmsədr Riçard Hoqland avqust ayında münaqişənin həlli ilə əlaqədar təqdim etdiyi 6 bəndlik təklifdə də dolayı yolla Dağlıq Qarabağ Azərbaycanın suverenliyindəki ərazi kimi qeyd olunurdu, bundan sonrakı mərhələlərdə Vaşinqtondan verilən digər açıqlamalarda bu prinsiplər öz əksini tapmağa başlayıb. Hazırkı həmsədr Endryu Şafferin son açıqlaması da Hoqland prinsiplərinə əsaslanmışdı.
"Hakimiyyət rəsmi qaydada ABŞ-a təşəkkür etməlidir”
Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Helsinki Komissiyasının Qarabağla bağlı dəyirmi masa keçirməsi, həll prosesində Rusiya və ABŞ-ın mövqelərini ortaya çıxardı. Politoloq hesab edir ki, Minsk qrupunun apardığı danışıqlar həll prosesində irəliləyişə gətirib çıxarmadı: "Artıq ABŞ və Rusiyanın öz fərqli yanaşmaları və həll prinsipləri var. Hesab edirəm ki, Uorlikin Qarabağla bağlı təklifləri, Azərbaycanın milli maraqlarına və ədalətli həll planına uyğundur. Bu, Hoqlandın avqust ayında təklif etdiyi 6 bəndlik prinsipləri özündə ehtiva edir. Uorlikin irəli sürdüyü həll planında ilk mərhələdə 7 rayonun boşaldılması, qaçqınların öz yerlərinə qaytarılması, Ermənistanla Qarabağ arasında Laçın rayonunun böyük hissəsdən istisna olmaqla kiçik bir hissəsindən dəhliz kimi istifadə olunması, Qarabağa yerli özünüidarəetmə hüququnun verilməsi, beynəlxalq təhlükəsizlik qarantiyası və bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələləri yer alıb”.
"Bu açıqlamalar Amerikanın siyasətinə çevrilmir”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !