"ABŞ höküməti rəsmi Bakının amerikalı diplomat Ceyms Uorliklə bağlı səsləndirdiyi fikirlərlə razı deyil".
Bu barədə ANS PRESS- ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfirlik rəsmi Bakının amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Açıqlamada bildirilir ki, ABŞ höküməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır.
"ABŞ höküməti Xarici İşlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi fikirlər ilə razı deyil", səfirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı açıqlama vermişdi. O, bildirmişdi ki, Son vaxtlar ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Bakıda birmənalı qarşılanmayan bir sıra bəyanatlar verib.
Araz Əzimov həmçinin bildirmişdi ki, Azərbaycan amerikalı diplomat Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması məsələsini qaldıra bilər.
ANN.Az