Fevralın 13-də ABŞ-ın Yuta ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən Azərbaycan xalqının və prezident İlham Əliyevin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə (Official Citation Honoring The President and Citizens of Azerbaijan) qəbul olunub.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Bəyannamə Senat sessiyası zamanı prezident Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənədin həmmüəlliflərindən olan senator Cin Devis tərəfindən Azərbaycan səfiri Elin Süleymanova təqdim edilib. E. Süleymanov hər iki palata mənsublarına, eləcə də sənədin həmmüəlliflərinə öz dərin təşəkkürünü bildirərək bu sənədin ştatla Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradacağını vurğulayıb. Senator C. Devis çıxış edərək Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu söyləyib və gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın tarixi dövlətçilik ənənələrinə malik olduğunu deyib. Bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən Azərbaycanın türk dünyası və müsəlman şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik olan dövlət olduğu göstərilir, habelə Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu ifadə edilir. Sənəddə xüsusilə vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşürlər. Yuta Ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul edilən Bəyannamə Senat prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının spikeri Rebeka Lokhart, senator Cin Devis və konqresmen Lin Heminquey tərəfindən imzalanıb. C. Devis və L. Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilmiş ABŞ-Azərbaycan Forumu zamanı ABŞ nümayəndə heyəti tərkibində Azərbaycanda səfərdə olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !