ABŞ kəşfiyyat xidməti həyəcan təbili çalır. İdarədə Edvard Snoudenin xələfi peyda olub. Onun xüsusi xidmət orqanlarının məxfi sənədlərinə girişi var. Bu barədə CNN telekanalı adının çəkilməsini istəməyən məmura istinadən məlumat yayıb.
“The Intercept” resursunda terrorçular və terrorda şübhəli bilinən şəxslər barədə yazıdan sonra xüsusi xidmət orqanları narahat olmağa başladı, çünki həmin məlumatlar məxfi materiallar əsasında yazılmışdı.
Bu resursun müəlliflərindən biri Qlen Qrinvald adlı jurnalistdir. Edvard Snoudenin yaydığı sənədlər də həmin jurnalistin əli ilə mətbuata çıxmışdı. Amma indiki halda 2013-cü ilin avqustunda, yəni Snoudenin ölkədə olmadığı zaman hazırlanan sənəddəki məxfi məlumatlar açıqlanıb.
The Intercept resursunda yayılan məqalədə qeyd olunur ki, Obama administrasiyasının siyahısında ABŞ-a girişi qadağan olunan şəxslərin sayı 10 dəfə artaraq 47 minə çatıb. Onların 40 faizinin isə heç bir terror təşkilatına aidiyyatı yoxdur.
Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının əməlləri ötən ilin mayında ifşa olundu. Keçmiş agent Edvard Snouden ABŞ-dan qaçdıqdan sonra mətbuatda ABŞ hakimiyyətinin gizli fəaliyyəti yayıldı. Hazırda Snouden müvəqqəti olaraq Rusiyada yaşayır (İnterpress.az).
Bizi sosial şəbəkələrdə izləyin !