ABŞ və Azərbaycan arasında fikir ayrılığı olsa da əməkdaşlıq davam edir

11:17 | 16.02.2024
ABŞ və Azərbaycan arasında fikir ayrılığı olsa da əməkdaşlıq davam edir

ABŞ və Azərbaycan arasında fikir ayrılığı olsa da əməkdaşlıq davam edir

ABŞ və Azərbaycan  arasında  bəzi məsələlərdə fikir ayrılığı olsa da ölkələr sərmayə qoyuluşu və insanlar arasında təmasların gücləndirilməsi baxımından əməkdaşlığı davam etdirir və etdirəcək.  Bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby deyib.
 
"Biz Azərbaycanla mühüm məsələlər üzrə dialoqu davam etdiririk. Azərbaycanla regional məsələlər, enerji, COP 29 ilə bağlı konstruktiv söhbətlər aparırıq. Əlbəttə müəyyən məsələlərdə fikir ayrılığımız ola bilər. Amma bu normaldır", - Mark Libby cümə axşamı bir qrup yerli jurnalistlərlə Azərbaycana səfir təyin ediləndən bəri keçirdiyi ilk görüşündə bildirib.
 
ABŞ Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olsa da ötən ilin payızından ölkələr arasında müyyən gərginlik  müşahidə edilməyə başlayıb. Belə ki,   ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi  Ceyms O`Brayn noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrdə Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacağını bildirib. Bundan dərhal sonra Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev  Azərbaycanın Vaşinqton platformasında Ermənistanla sülh danışıqlarının aparılmasının qeyri mümkün olduğunu bildirib.
 
Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərindən imtina edib.  
 
2023-cü ilin dekabrında O`Brayn Azərbaycana  səfər edib. 
 
O'Braynın bu səfərini şərh edən ABŞ səfiri qeyd edib ki, bu səfər yalnız ilk addımdır, bir səfər ikitərəfli münasibətlərdə hər şeyi bir anda dəyişə bilməz.
"Azərbaycan Amerika siyasətini çox tənqid edib, Birləşmiş Ştatlar isə müxtəlif məsələlərlə bağlı narahatlığını bildirib. Buna baxmayaraq, iki ölkənin bir çox ortaq strateji maraqları var və onlar əsasən üst-üstə düşür.  Azərbaycanın qonşuları ilə sülh şəraitində yaşayan güclü və müstəqil dövlət olması ümumi maraqlara uyğundur və Azərbaycan əhalisinin əksəriyyəti də bunu istəyir. Ona görə də ABŞ-ın məqsədləri Ermənistanla tezliklə sülhün bağlanması üçün şərait yaratmaq istəyi kimi formalaşa bilər”,  - diplomat  bildirib.
 
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prioritet məsələdir.
 
Birləşmiş Ştatlar və  Azərbaycan üçün Ermənistanla sülh sazişinin bağlanmasın "daha bir prioritet adlandıran” səfir bildirib ki, "son bir neçə ayda  bununla bağlı müəyyən irəliləyişlərin və imkanların olması məni ruhlandırır”.
 
O həmçinin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.
 
"Biz heç nə tətbiq edə bilmərik, lakin sülh prosesini dəstəkləyə bilərik. Əgər kömək edə bilsək, bunu etməyə hazırıq", - Libbi deyib.
 
Son günlər  Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət narahatlıq doğurur.

Fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonunun Kolluqışlaq kəndi istiqamətində yerləşən mövqelərini atəşə tutub, nəticədə hərbçi Pərviz Ağakişi oğlu Xəlilzadə xəsarət alıb.

Bununla bağlı  Libby bildirib ki, bu hadisələr əsaslı narahatlıq doğurur və hər iki tərəfin vəzifəsi gərginliyin qarşısını almaq və münaqişənin uzunmüddətli həllini tapmaqdır.
 
"Belə hadisələr nəticəsində insanlar ölür və yaralanır ki, bunu heç kim istəmir”, -  səfir qeyd edib və tərəfləri gərginliyi azaltmağa çağırıb.
 
Demokratiyaya sadiq olan ölkə jurnalistləri işinə görə həbs etmir.
 
Azərbaycanda 10 jurnalistin həbsinə münasibət bildirən diplomat deyib ki, demokratiyaya sadiq olan ölkə jurnalistləri işinə görə həbs etmir.
 
"Bunun niyə burada baş verdiyinə cavab verə bilmərə. Azad və müstəqil mətbuat demokratiyanın göstəricilərindən biridir. Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsindən narahat olduğumuzu bildirdik. Biz həmçinin ABŞ-ın Azərbaycana yardım və mədəniyyət proqramlarının təhrif edilməsindən narahat olduğumuzu bildirdik. Bu, bizim münasibətlərimizə mənfi təsir göstərir”, - Libby bildirib.

Onun sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkanlar var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü bir çox sahələr var və əməkdaşlığın müsbət təcrübəsi var. Bunlar təhlükəsizlik, enerji və digər sahələrdir.

Azərbaycanda insan haqları məsələsi çox önəmlidir və dini azadlıqlar da bu azadlıqların tərkib hissəsidir. Səfir bildirib ki, Dövlət Departamentinin hesabatında dini hüquqların pozulması ilə bağlı tənqidlər dindarların təqib olunması ilə bağlı konkret hallara aiddir.
 
Bakının Vaşinqtonun antiazərbaycan qüvvələri maliyyələşdirməkdə ittiham etməsindən və ABŞ-ın Ermənistanla sülh müqaviləsi bağlanana qədər rəsmi səfərlərdən imtina etməsindən sonra səfir iki ölkə arasında mövcud münasibətləri necə qiymətləndirir sualını cavablandıran diplomat deyib ki, bəzən bu münasibətlər "heterojen” olub. 
 
 
ABŞ  İlham Əliyevi niyə təbrik etməyib?

Səfir ABŞ-ın  İlham Əliyevi 2024-cü il fevralın 7-də keçirilən övbədənkənar preizdent seçkilərində qələbə çalması münasibətilə niyə hələ də təbrik etməyib və ATƏT-in seçkilərə verdiyi qiymətləri təkrarlamaqla kifayətlənib? sualına cavabında  bildirib ki, ABŞ ATƏT-in hesabatında seçkilər zamanı pozuntularla bağlı ifadə olunan narahatlığı bölüşür.
 
 
ABŞ və Azərbaycan  enerji sektorunda əməkdaşlığı davam etdirəcəklər.

ABŞ səfiri həmçinin ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcəyini də vurğulayıb.
 
Onun szölərinə görə,  Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var.
 
"Mən bir amerikalı kimi Azərbaycanla Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə gördüyümüz işlərlə fəxr edirəm. Azərbaycanda təhlükəsizlik təmin olunub. İndi də biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”, - səfir qeyd edib.

Onun fikrincə, bərpa olunan enerji mənbələrinin bütün potensialını açmaq üçün Azərbaycan mövcud infrastrukturun genişləndirilməsi istiqamətində işlər görməlidir.

"Avropa və digər ölkələr yaşıl iqtisadiyyata keçidi həyata keçirməyə çalışdıqca, yaşıl keçid başa çatana və  karbon neytrallığı üzrə hədəflərinə nail olunmayana qədər, Avropa və digər tərəfdaşlar da Rusiya qazından asılılıqdan qurtulmağa çalışırlar, Azərbaycan isə müxtəlifliyi və bu müxtəlifliyə görə daha böyük təhlükəsizliyi təmsil edən mənbə təklif edir”,  -  səfir deyib.

O həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsinin də bu il  diqqəti ölkəyə yönəldəcəyini də qeyd edib.
 
"Azərbaycan bu il COP 29-a ev sahibliyi edəcək. Mən başa düşdüyümə görə, o, əsasən maliyyələşdirməyə diqqət yetirəcək. Azərbaycan yaşıl iqtisadiyyata keçidi necə idarə etdiyini nümayiş etdirə biləcək. Bu baxımdan Azərbaycana çox diqqət yetiriləcək. Azərbaycanın ölkənin və dünyanın enerji infrastrukturunda öz rolu ilə bağlı yeni baxışını necə formalaşdıracağı diqq’td’ olacaq”, - ABŞ səfiri bildirib.

Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
 
N.Təbrizli
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM