Asiya İnkişaf Bankının İdarə Heyəti 2021-2023-cü illər üçün biznes plan təsdiqləyib
və bu çərçivədə Azərbaycana 780 milyon dollar məbləğində vəsait ayırmağa
hazırdır. Biznes
plana əsasən, AİB bu dövrdə Azərbaycana təhsil, irriqasiya, biznesə dəstək,
iqtisadi islahatların dəstəklənməsi və dəmir yollarının inkişafı layihələri
üçün 5 kredit ayıracaq.
Bununla
yanaşı, 2021-ci ildə Bank ölkə üçün 85 milyon dollar, 2022-ci ildə 370 milyon
dollar, 2023-cü ildə 325 milyon dollar məbləğində krediti ehtiyatda saxlayıb. AİB bu illərdə Azərbaycana iqtisadi
islahatları dəstəkləmək üçün 500 milyon dollar kredit ayırmağı da planlaşdırır. Bank, krediti hər biri 250 milyon dollar olmaqla, 2
dəfəyə təqdim etməyi nəzərdə tutur. Yüksək texnologiyalar və innovasiyalar sahəsində
layihələrin hazırlanması üçün isə AİB daha 15 milyon dollar ayıracaq.
Bank 2021-2023-cü
illərdə Azərbaycana həmçinin 4,5 milyon dollar məbləğində texniki yardım da
göstərəcək.
"Azərbaycan və Asiya
İnkişaf Bankı artıq 20 ildir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində tərəfdaşlıq
əlaqələrini inkişaf etdirir, layihələr həyata keçirirlər. AİB-ın bu yaxınlarda
təsdiqlənmiş biznes planına əsasən, bizim ortaq fəaliyyətlərimizin əsas istiqamətləri
razılaşdırılıb. Pandemiyaya baxmayaraq işlər davam etdirilir.” - deyə təşkilatın
Azərbaycan üzrə direktoru Nəriman Manapbekov bildirib.
Asiya İnkişaf Bankı Azərbaycanın
ən böyük tərəfdaşı kimi 1999-cu ildən bəri ölkəyə 5 milyard dollardan çox
maliyyə dəstəyi göstərib. AİB-ın Azərbaycanla tərəfdaşlıq strategiyası özəl
sektorun inkişafı, dövlət sektorunun səmərəliliyinin artırılması,
infrastrukturun yaxşılaşdırılması və insan kapitalının güclənməsinə kömək etmək
məqsədi daşıyır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !