Bugünkü müsahibimiz
"AccessBank”ın Gəncə və region
filiallarının rəhbəri Renat Hümbətovdur.
1.
15 ildən çoxdur ki, "AccessBank”da işləyirsiz. İlk
iş gününüzü necə xatırlayırsız? Onda heç bankda bu qədər uzun müddət işləyəcəyinizi
düşünürdünüzmü?
15 il deyirsiz, amma mənə elə gəlir ki, "AccessBank”da
işə dünən başlamışam. Həmyaşıdlarım bilər, 2005-ci ildə iş tapmağın özü bir
hadisə idi və həmin vaxt əsas məqsəd işdə qalmaq idi. Bankda çoxlu sayda
imtahan, müsabiqə və seminarlardan keçdikdən sonra təcrübəçi kredit mütəxəssisi
qismində işə başladım. Fikirləşirdim ki, əsas çətinliklər artıq arxada qaldı,
amma yanılırdım: hələ hər şey qabaqdaydı! Onda elə düşünürdüm ki, bankda əsas
meyarlar qalstukun yerində, ayaqqabının təmiz və saç düzümünün qaydasında olmasıdır.
(Hələ də belə düşünənlər var) Ancaq elə ilk iş günümdə anladım ki, necə yanılırmışam.
Kredit mütəxəssisinin işində məntiq çox
sadədir: kredit verməlisən. Əsas sual isə odur ki, kredit üçün müştərini necə
tapmalı? İşdə ilk aylarımda bütün günüm müştəri axtarışında keçirdi. Günün
sonuna nə saç düzümü, nə ayaqqabı, nə də
qalstukun səliqəsindən əsər-əlamət qalırdı. Ancaq necə deyərlər "General olmaq
istəməyən əsgər yaxşı əsgər deyil”. "AccessBank”da işləyərək belə bir nəticəyə
gəldim ki, əgər karyera qurmaq və uğur qazanmaq istəyirsənsə, ilk növbədə özündə
intizam vərdişini inkişaf etdirməli, yorulmadan çalışmalı və potensialını göstərməlisən.
2.
"AccessBank”ın bəyəndiyiniz cəhətləri hansılardır?
Bankın üstün cəhətləri çoxdur. Mənə görə bunlardan əsas
olanları şəffaflıq, karyera artımı imkanları və komanda ruhudur. Amma ən çox bəyəndiyim
"AccessBank”ın heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsidir. İndi
keçmişə baxanda anlayıram ki, o şanslılardan biri də mənəm. Bu gün "AccessBank”
ailəsinin bir üzvü olmaqdan çox xoşbəxtəm!
3.
Bölgə filialı kimi ən yüksək maliyyə göstəricilərinə
maliksiz. Sizcə uğurunuzun sirri nədədir?
Bəli, "AccessBank”ın ən böyük kredit portfeli, işçi
sayı və filialın həcminə görə Gəncə filialı ilk pillədədir. Filial iki il (2018,2019)
ardıcıl olaraq mikrokreditlər və qeyri-kredit məhsuları üzrə bölgədə ən güclü
filial seçilib. Uğurun sirrinə gəldikdə isə, məncə ilk növbədə ətrafında güclü
komanda formalaşdırmalısan. Çünki komandanın hər bir üzvü qoyulan məqsədə
çatmaq üçün səy göstərirsə, uğur qaçılmazdır. Komanda ruhunun yüksək olması mənim
üçün çox vacib amildir və təbii ki, komandanı daim motivasiya etmək lazımdır. Əməkdaşlarımızın
əldə etdikləri nailiyyətlərə, karyeralarında qazandıqları uğurlara şəxsi uğurum
kimi sevinir və onları daim dəstəkləyirəm. İkinci vacib amil öz işini sevmək, üçüncüsü
isə Bankımızın üstünlüklərini görməkdir. Son illər əldə etdiyimiz nəticələrə
görə deyə bilərəm ki, bu qədər müştərinin bizim xidmətlərdən yararlanması və
razı qalması komandamızın yüksək peşəkarlığının göstəricisidir.
4. Gəncə filialının rəhbəri və regional menecer kimi işiniz
nədən ibarətdir?
Hər bir bank üçün strateji hədəflərinə uyğun
regional şəbəkə qurmaq vacibdir. Bölgə filiallarının əsas xüsusiyyətləri ondan
ibarətdir ki, ətraf rayonlarda kənd təsərrüfatında işləyənlərlə yanaşı, fərdi
biznes ilə məşğul olan müştərilər də var. Coğrafi cəhətdən əlverişli ərazidə
yerləşdiyimiz üçün bütün növ kənd təsərrüfatlarına və bizneslərə kredit
veririk, öz vəsaitlərimizdən savayı AKİA, SİF, Zəmanət və İpoteka fondu ilə də
sıx əməkdaşlıq edirik. Bölgədəki insanların iqtisadi fəallığı da bizə bunları həyata
keçirməyə imkan verir. Müsbət tərəflərdən biri də odur ki, doğma şəhərimdə Gəncədə
işləyirəm. Cavabdeh olduğum region filialları da (Qazax, Mingəçevir, Bərdə, Şəki,
Zaqatala) Bankımız üçün strateji əhəmiyyət daşıyırlar. Regionda işləyən həmkarlar
da mənim kimi "AccessBank” məktəbinin məzunlarıdır və biz biri-birimizi 10 ildən
artıqdır ki tanıyırıq. Bu baxımdan komfort zonadayam.
5.
"AccessBank”da həm karyeranızı qurmusuz, həm də şəxsi
xoşbəxtliyinizi tapmısız. Xanımınız da "AccessBank”lıdır. Tanışlıq hekayənizi danışardız bizə.
Biz Gəncə filialına eyni vaxtda işə qəbul olmuşuq.
Demək olar ki, Gəncə filialının təməlini qoyanlardanıq. Mən kredit mütəxəssisi olaraq
işləyirdim, həyat yoldaşım isə kredit sənədlərinin rəsmiləşdirilməsi üzrə mütəxəssis
idi. Bəzən iş əsnasında mübahisələrimiz də yaranırdı. Münasibətimizin nə zaman
iş çərçivəsindən çıxaraq şəxsi münasibətə keçməsini indi xatırlamıram. Bir də
onu hiss etdim ki, həmkarımın mənim barəmdə nə düşündüyü mənim üçün çox
vacibdir. Ən maraqlısı da odur ki, Gəncə filialının rəhbəri təyin olunan kimi həyat
yoldaşım öz ərizəsi ilə işdən çıxdı. Əslində Bankın qaydalarına görə evli
cütlüklər eyni filialda işləyə bilməz.
6.
Bankçılıq mühitində böyüyən övladlarınızın bu işə
marağı necədir? Onlar da sizin yolunuzu davam etdirmək istəyirlər?
Övladlarımın yaşı az olduğuna görə hələ qərar verə
bilmirlər. 5 yaşlı qızım hər gün fikirini dəyişir, 8 yaşlı oğlum isə indiki
uşaqların əksəriyyəti kimi daha çox yeni nəsil texnologiyalara üstünlük verir.
Onsuz da peşə seçimini onların öz öhdəsinə verəcəyik. Biz öz şəxsi təcrübəmizdən
bilirik ki, işini sevən adam daha çox uğur qazanır. Əsas odur ki, yaxşı insan və
cəmiyyət üçün faydalı vətəndaş olsunlar, yerdə qalanı düzələndir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !