ADPU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR – Universitetin 15 əməkdaşından ölkə prezidentinə AÇIQ MƏKTUB

22:56 | 17.07.2019
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 15 nəfər professor, müəllim və digər əməkdaşları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Anews.az bildirir ki, Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:
"Böyük elmi və elmi-pedaqoji ənənəyə malik qocaman pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı ölkəni və yüksək dəyər verdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetini darmadağın etməyi sanki qarşısına bir məqsəd qoymuşdur.
Cəfər Cəfərov Universitetə rektor təyin olunduqdan 3 il keçməsinə baxmayaraq, məlum olur ki, o, XX əsrin sonlarında dünya təhsil sisteminin keçirdiyi qlobal böhranlardan və onun davamı olan son elmi inqilabdan, dərketmənin müasir XXI əsr strategiyalarından və qabaqcıl ölkələrin təhsil sahəsindəki təcrübələrindən xəbərsiz olub, universiteti klassik "kor uçuş” qaydası ilə idarə etməkdə davam edir. Onu qınamaq da olmaz. Çünki onun özünün elmi-tədqiqat işinin də elm və təhsil sistemi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, onun işi "Azərbaycan Sovet kəndinə” aiddir. C.Cəfərov, görünür, bunları nəzərə alaraq universitetin pedaqoji kadr potensialını "gücləndirmək” məqsədi ilə tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi tədris işləri üzrə prorektorluqdan azad edərək, onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan politoloq Eldar Aslanovu, tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment İnstitutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir. "Fizika və texnologiya” fakültəsinin dekanını (şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. O, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur.
Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək, onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir. Onun "gücləndirdiyi kadr siyasəti” budur.
Rektor C.Cəfərov bu vəzifəyə gələrkən özü ilə cəzaçəkmə müəssisələrində nadzor işləmiş Aftandil Bayramovu universitetə "İnsan resursları” şöbəsinə müdir təyin etmişdir ki, o da universitet əməkdaşlarına divan tutmaqla məşhurlaşmışdır. Çox çəkmədi ki, çirkin əməllərinə görə işdən uzaqlaşdırılmışdır.
C.Cəfərov tədrisin keyfiyyətindən və insanlara qayğıdan məhrum olan bir insandır. Digər universitetlərdən fərqli olaraq, ADPU-da məqsəd əməkdaşların nəinki maddi vəziyyətini yaxşılaşdırmaq, universitetin qazandığı pulları təmir adı ilə göyə sovurmaq və maddi imkanları zəif olan əməkdaşları süni yollarla incitməklə onları dövlətimizdən narazı salmaqdır. Hətta C.Cəfərov eyni ailədən işləyən iki əməkdaşın işdən azad edilməsindən zövq alan "rəhbərdir”. Onun vəzifəsi ancaq öz yaxın və səriştəsiz qohumlarını işə düzəltmək və öz maraqlarını rəhbər tutaraq, universitetin müəllim və tədris köməkçi kadrlarının potensialını məhv etməkdir.
C.Cəfərov bibisi nəvəsi olan Ümid Mehdiyevi universitetin təsərrüfat işləri üzrə prorektoru gətirmiş və qısa müddətdə o, maliyyə pozquntularına yol verdiyinə görə həmin vəzifədən çıxarmaq əvəzinə, sanki "cəzalandıraraq” onu özünə 2-ci müşavir təyin etmişdir. Təhsil nazirinin belə, bir müşaviri olduğu halda
C.Cəfərovun iki müşaviri var. Görəsən, Cəfərov nədən belə çətinlik çəkir?
ADPU-nun rektoru qardaşı qızının əri olan Xəlilov Vüsalı Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin əri olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri, onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman kulubuna müdir təyin etmişdir. Bundan başqa rektor kimliyi məlum olmayan Aydın Kərimov adlı yaxın adamını qeyri-rəsmi olaraq universitetin baş hüquqşunası və eyni zamanda attestassiya komissiyasının sədri, Orxan Novruzovu isə qeyri-rəsmi olaraq baş mühasibin müavini kimi işlədir.
C.Cəfərov ölkəmizin kadr siyasətinin əksinə gedərək, 20-dən çox qabaqcıl, xarici ölkələrdə məktəb keçmiş və doktorluq müdafiə etmiş professorları, əməkdar müəllimləri, elm xadimlərini, yüksək dövlət mükafatları adına layiq görülmüş pedaqoji kadrları və yüksək peşəkar qabiliyyətli ixtisasçı əməkdaşları müxtəlif bəhanələrlə öz işlərindən, kafedra müdirliyi və fakültə dekanlığından uzaqlaşdıraraq, qeyri-peşəkar yaxınları ilə əvəz etmişdir. Kadrların seçilməsinə dair rektorun özünəməxsus "qaydaları” vardır ki, bu qaydalar dövlət qanunlarından, Prezident Administrasiyası yanında Ali Attestassiya Komissiyasının qərarlarından kəskin fərqli tutulmuş, analoqu olmayan qanunsuzluqlar tətbiq olunmuşdur. Çox vaxt seçkilər zamanı elmlər doktoru, professor adlarına məhəl qoyulmamış, hətta bu elmi adlar və elmi vəzifələr magistr adları ilə eyniləşdirilmişdir. Bütün bunların acı nəticəsi olaraq yüzlərlə əməkdaş öz işini itirməli olmuş, insult və infarkt nəticəsində bir neçə nəfər əməkdaş öz həyatını itirmişdir.
Məsələn, haqsız olaraq ixtisara düşmüş "Botanika” kafedrasının baş laborantı Arzu Əliyev bu məlumatı eşitdikdə rektorun qəbul otağının qarşısında infarktdan vəfat etmişdir. BDU-nu qırmızı diplomla bitirmiş "Fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı Nurlana Hüseynova ixtisara düşməsi məlumatını aldıqdan bir neçə həftə sonra infarkt olaraq dünyasını dəyişmişdir. Eyni qayda ilə kitabxana işçisi olan İradə xanım ixtisara düşdüyündən sonra dözə bilməyib, infarktdan vəfat etmişdir. Fizika fakültəsinin "Ümumi fizika” kafedrasının dosenti İltifat Dadaşovun müsabiqədə iştirakına icazə verilməmiş və ona bildirilmişdir ki, rektorun müqaviləsi ilə istədiyin vaxta kimi işlə təmin olunacaqsan. Lakin dərs yükü bölünərkən rektorun ona verdiyi sözün yalan olduğunu və özünün aldadıldığını bildikdən sonra dözə bilməyərək, dünyasını dəyişmişdir.
Belə faktları davam etdirmək də olardı. Budurmu rektorun "humanizmi”, onun əməkdaşlara "qayğısı və diqqəti”?
C.Cəfərov onun barəsində Təhsil Nazirliyinə, Prezident Aparatına və digər yuxarı təşkilatlara yazılan şikayət məktublarına və ərizələrinə utanmadan yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin isə bir cavabı vardır: "Ərizəniz baxılmaq üşün Təhsil Nazirliyinə göndərilmişdir”. Cavab isə yoxdur, quyuya düşmüşdür.
İnanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun hazırda davam edən ƏDALƏTSİZ hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınlığına son qoyulacaqdır.
Yuxarıda göstərilənləri öz imzalarımızla təsdiq edirik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq əməkdaşları:
Murquzov Mirzəli İsmayıl oğlu, "Şöhrət” ordenli əməkdar müəllim, professor;
Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi;
Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent;
Əliyeva Arzu Əsəddin qızı, Baş laborant;
Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent;
Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri;
Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi;
Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru;
Rəhimova Nurlana Məqafil qızı, Laborant;
Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer:
Osmanov Vahid Yolçu oğlu, Laboratoriya müdiri;
Əlıiyeva Şüküfə Balaca qızı, Mətbəə işçisi;
Əbilova Arzu Zakir qızı, Baş laborant;
Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri;
Əliyeva Qəmər Allahverdi qızı, Laborant”.

www.anews.az
loading...

Xəbər lenti