ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir - Fotolar

16:06 | 01.12.2015
ADU-da

ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir - Fotolar

1 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin İnformasiya Resurs Kompleksinin Dünya xalqlarının folklor mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı tədbir keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan-İordaniya münasibətlərinin tarixindən danışaraq iki ölkə arasındakı dostluq, çoxtərəfli əlaqələrin inkişafında rolu olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına etdiyi səfərləri xüsusi qeyd etdi.

Çıxış edən İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin konsulu Saad Hasal tədbirə dəvət aldığı üçün şad olduğunu bildirdi. O, bu kimi görüşlərin Azərbaycan və Ərəb ölkələri arasında mövcud olan münasibətləri daha da gücləndirdiyini qeyd etdi.

Sonra ADU-nun Xarici Dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynova, Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Rəna Fərəcova, Dünya xalqlarının Folklor mərkəzinin mütəxəssisi Nigar Mancanova Azərbaycan və İordaniya arasında mövcud olan humanitar əlaqələr, İordaniya tarixi və mədəni abidələri, iki ölkənin qadın hərəkatı və qadın liderləri barədə danışdılar.

Daha sonra universitetin tələbələri Azərbaycan-İordaniya arasındakı əlaqələr haqqında iştirakçılara məlumat verdilər.

Tədbirdə İordaniya Haşimi Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşı Emad Obeydat da iştirak edirdi.

Tədbir ADU tələbələri tərəfindən hazırlanmış bədii proqramla yekunlaşdı. Bədii hissədə İordaniya və Azərbaycan xalq mahnıları ifa olundu.

Tədbirdən sonra qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış oldular.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM