Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş üç gün davam edən Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransının yekun iclası keçirildi.
24 bölmədə 1200-dən çox tələbənin məruzəsinin dinlənildiyini söyləyən TEC-in sədri, professor Əsgər Zeynalov bölmə rəhbərlərinin hesabatları vaxtında verdiklərini bildirdi. Tezislərin və məqalələrin artıq çapa verildiyini deyən Ə. Zeynalov müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiyini diqqətə çatdırdı. Tələbələrin böyük fədakarlıq göstərdiklərini yüksək qiymətləndirən TEC sədri fərqlənən tələbələrin mükafatlandırılacağını qeyd etdi.
Qeyd edək ki, fərqlənən tələbələrdən 70 nəfəri birinci, 100 nəfəri ikinci, 100 nəfəri isə üçüncü dərəcəli diplomlarla mükafatlandırıldı, 100-ə yaxın tələbəyə isə təşəkkür elan olundu. Birinci dərəcəli diplomların sahiblərindən 10 nəfəri isə super mükafatla təltif olundu.
Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !