ADU-da "Karnegi tədqiqat təqaüd proqramı” mövzusunda təqdimat mərasimi keçirildi
Azərbaycan Dillər Universitetində (ADU) universitetin İnformasiya Resurs Kompleksinin təşkilatçılığı ilə Karnegi Proqramının nümayəndəsi Aleksey Xarlamov tərəfindən "Karnegi tədqiqat təqaüd proqramı” mövzusunda təqdimat mərasimi keçirildi.
Avrasiya və Şərqi Avropa tədqiqatı üzrə Milli Şuranın 2015-2016-cı tədris ili üçün ABŞ-da Karnegi Tədqiqat Proqramı haqqında danışan təmsilçi Aleksey Xarlamov bu yarışın Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan olan humanitar, sosial elmlər üzrə araşdırma aparan mütəxəssis, müəllim, həmçinin universitet tədqiqatçılarını əhatə etdiyini bildirdi. Proqrama müraciət etmə prosedurları haqqında ətraflı məlumat verən qonaq bu proqramın Beynəlxalq Təhsil üzrə Amerikan Şuraları ilə əməkdaşlığı çərçivəsində Avrasiya və Şərqi Avropa tədqiqatı üzrə Milli Şura tərəfindən idarə olunduğunu bildirdi.
O, iştirakçıların ABŞ-da 4 ay müddətinə tədqiqat aparacağını və onların aylıq təqaüd, sağlamlıq sığortası, kitabxana, texnologiya, arxivlər və digər tədqiqat vasitələrindən istifadə, eyni zamanda ABŞ-da konfranslarda iştirak etmək imkanı əldə edəcəklərini təqdimat iştirakçılarının diqqətinə çatdırdı. Qonaq, həmçinin bu proqramın heç bir dini, irqi, cinsi, milli və etnik mənsubiyyəti nəzərə almayacağını vurğuladı.
Qeyd edək ki, bu proqrama müraciət etmək üçün nəzərdə tutulan müddət 30 aprel 2016-cı il tarixində başa çatacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !