ADU-da Xocalı soyqırımı anıldı - FOTOLAR

10:29 | 23.02.2016
ADU-da Xocalı soyqırımı anıldı - FOTOLAR

ADU-da Xocalı soyqırımı anıldı - FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatı və Kitabxana informasiya mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra faciə nəticəsində həyatını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
 
Sonra çıxış edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva hadisə haqqında fikirlərini bölüşərkən qanlı olayın Azərbaycan xalqının yaddaşında daim yaşayacağına əminliyini ifadə etdi. Həmvətənlərimizin kütləvi şəkildə məhv edilməsi, cəsədlərlə qeyri-insani rəftar edilməsi ilə müşayiət olunan hadisəni soyqırım adlandıran fakültə dekanı real faktlara söykənən olayın bütün detalları ilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışdı. O, bu istiqamətdə dövlət səviyyəsində işlər görüldüyünü, amma bununla kifayətlənməyərək torpaqlarımız azad olunana qədər hər bir azərbaycanlı tərəfindən təbliğat aparılmasının labüdlüyünü xatırlatdı. Çıxışının sonunda dekan Vəfa Babayeva mövzu ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsinə görə əməyi keçən hər kəsə təşəkkür etdi.
 
Dəyirmi masaya qonaq qismində dəvət olunan Xocalı soyqırımının canlı şahidi Nazim Hüseynov hadisə ilə bağlı acı xatirələrini iştirakçılarla bölüşdü. O, qanlı olayın illər keçməsinə baxmayaraq, sağ qalan hər bir Xocalı sakininin daxilində yaşadığını dedi. N. Hüseynov Xocalıdakı erməni vəhşiliklərinin hələ 1988-ci ildən başladığını söylədi, ayrı-ayrı vaxtlarda silahlanmış erməni quldurlarının sadə xalqı qətlə yetirdiyini vurğuladı. Xocalının əlverişli strateji coğrafi mövqeyinin ermənilərin həmişə marağında olmasından və bu səbəbdən Azərbaycan torpaqlarını işgal etməkdən çəkinmədiklərini deyən N. Hüseynov bunun xalqımız üçün ağır nəticələr verdiyini sözlərinə əlavə etdi. O, Xocalı qətliamının əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilməsindən bəhs edərkən yerli əhalinin tərksilah edilməsini xüsusilə vurğuladı. Günahsız xalqı qırmaqla yanaşı, cəsədlərin təhqir olunmasından danışarkən hadisə şahidi belə vəhşiliyin insan tərəfindən törədilməsinin mümkünsüz olduğunu dedi. Çıxışının sonunda N.Hüseynov Xocalı soyqırımını unutmağın olduqca çətin olduğunu dedi, iştirakçılara hadisəni daim xatırlamağı tövsiyyə etdi.
 
Daha sonra çıxış edənlər tələbələri Xocalı soyqırımının gerçəkliklərini dünyaya çatdırılması yönündə təbliğat prosesində aktiv olmağa səslədilər.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM