ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq

14:57 | 27.12.2024
ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq

ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq

Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq. Bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.


Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır.


Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq.


"Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir", - deyə məlumatda qeyd edilib.


ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM