Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, regiondakı prosesləri yaxından izlədiklərini bildirən H. Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını ifadə edərək münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu deyib.
O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.
Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində və bununla bağlı aparılan danışıqlar prosesində ən maraqlı tərəf olduğunu deyən dövlət başçısı Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövlət başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !