- Çox qısa vaxtda tanındınız. Ona görə sizi təqdim etməyə ehtiyac da duyulmur. Xoş gəlmisiniz. Söhbətimizə belə bir sualla başlayaq: Uşaqlıqdan musiqiyə marağınız var idi, yoxsa sonradan yarandı?
- Dəvətiniz üçün çox sağ olun. Bu yaxında sinif yoldaşlarım yazdılar ki, Türkan, səni efirdə gördükcə sevinirik. Çünki musiqiyə nə qədər həvəsim olduğunu bilirdilər. İndi bəziləri deyirlər ki, valideynim müğənni olmağıma razı olmurdu, amma bizdə belə deyildi. Lap balacalığımdan ailəm həmişə mənə dəstək olub. Uşaqlıqdan əlifba bayramında, qohum-qonşunun toyunda oxuyanda hiss edirdim ki, mütləq bu sənətə sahiblənəcəm. İlk dəfə əlifba bayramında "Ana" mahnısını oxumuşam. Necə oxudumsa, hamı ağladı.
- Sizcə, valideynlərin bu sahədən övladlarını uzaq tutmağa çalışmalarının səbəbi nədir? Mentalitet, müğənnilərin peşələrini yanlış təqdim etmələri, yoxsa nə?
- Əvvəllər bir çox ailələr, əsas da qız övladlarını incəsənətə qoymurdular. Zamanla hər şey dəyişir və artıq incəsənətə meyl artıb, müğənniyə pis baxmırlar. Bir şey deyim: hansı peşənin sahibi olursan ol, insanın özünü aparmasından, qorumasından çox şey asılıdı. Bunu bacarmasan, haqqında çox söz danışılacaq.
- Sizinlə bağlı tənqidlərə münasibətiniz necə olur? Bəzi müğənnilər var ki, bu tənqidlərə görə hətta psixoloji sarsıntı keçirirlər.
- Əslində əvvəllər mən də elə idim. O qədər üstümə gəlirdilər ki...İndi baş qoşmuram. İnsanlar nə gəldi yazırlar. "Bu da qabağa getdi", "bu da məşhurlaşdı, heç kimi saymır" kimi ifadələr oxuyurdum. İndi ümumiyyətlə, heç bir rəyi oxumuram. Burdan da deyirəm, boşuna yazırsınız. Bunu unutmasınlar ki, biz eyni xalqın, millətin nümayəndələriyik, bir-birimizə dəstək olmalıyıq. Xaricdən biri gələn kimi, az qala özlərini öldürələr, tərif üstünə tərif yağır. Özümüzünkünə gələndə isə təhqir, aşağılama, yersiz tənqid... Axı bunu niyə etməliyik?
- Kimlərdi sizi tənqid edənlər?
- Tanıdıqlarım da var, tanımadıqlarım da. Bəziləri qəbul edə bilmir məni. Ancaq unudurlar ki, Allah o şansı veribsə, heç kim qarşısında dura bilməz. Heç kim bilmir sabah başına nə gələcək.
- Yaxşı toxundunuz... Özümüzə qarşı bu cür aqressivliyimizin səbəbi nədir sizcə?
- Bunu düşünən tək mən deyiləm, çox adamı narahat edir. Ancaq sualınıza dəqiq cavab verə bilməyəcəm. Əcnəbilərin bizimkilərdən nəyi artıqdır? Əksinə, özümüzü daha çox dəstəkləməliyik ki, xaricilər, lap elə düşmənlərimiz də baxıb, heyran olsunlar.
- Açığı deyim ki, sizin müsahibələriniz, danışığınız bir çox müğənnilərdən seçilir. Düzgün ritorikaya sahibsiniz. Bildiyiniz kimi, intellektual və bayağı müğənni tandemi var. Özünüzü bayağılıqdan necə xilas etmisiniz?
- İnsan yaşa dolduqca mükəmməlliyə yaxınlaşır. Daha dərindən düşünür. Əvvəl bu dərəcədə düşünə bilmirdim. Mən əsəbləri yerində olan adam deyiləm. Kənardan sakit görünürəm, ancaq elə deyil. Bunu dost-tanışım da bilir. Əvvəllər özümü cilovlaya bilmirdim, əsəbiləşən kimi nə gəldi deyirdim. Baş verənlərə emosional yanaşırdım, tez reaksiya verirdim. Bu da səhvlər etməyimə səbəb olurdu. Ancaq indi elə deyil, hadisələrə və insanlara baxışım çox dəyişib. Bilmirəm, bəlkə də yaşla əlaqəlidir.
- Adi tamaşaçı kimi baxanda həmkarlarınızın hansı fikirləri sizdə qıcıq yaradır?
- Hərənin bir cür psixologiyası var. Heç nə deyə bilmirəm.
- Niyə ?
- Çünki mən də kimdəsə qıcıq yaradıram. Və kimsə gəlib mənə deyə bilər ki, sənin filan hərəkətin məndə qıcıq yaradır. Vallah, nə deyim... Amma gəlib belə deyən olsa da, ona mənfi cavab vermərəm.
- Elə niyə?
- Çünki düşüncəsi elədir. Durum adamla dava döyüm ki, niyə elə düşünürsən? Olmur axı.
- Özünüzə efirlə bağlı qoyduğunuz qadağalar varmı?
- Var, əlbəttə. Elə veriliş var ki, gedirsən, aparıcı deyir, bəlkə filankəslə qalmaqal edəsən. Əvvəlcədən deyirəm ki, bu mənlik deyil. Xasiyyətimə də uyğun gəlmir. Bir də onu deyim ki, əvvəl kimsə mənə dəstək olmurdu. Sağ olsun Pərviz Bülbülə, çox dəstək oldu. Allah ondan razı olsun. Efirlərə çıxmağıma kömək etdi, məni tanıtdı. Öz istedadım olsa belə tanınmağımda yardımçı oldu. Əvvəl heç məni çağırıb, demirdilər gəl filan qalmaqalı edək, tanın. Yəni mən səhnəyə qalmaqalla gəlməmişəm.
- Əslində bu məsələyə toxunmaq istəmirdim. Ancaq özünüz deyirsiniz ki, Pərvizə görə tanındınız.
- Bəli, illərdi el şənliklərində ifa etsəm də, istedadım olsa da, dövlət konsertlərində oxusam da, tanınmırdım. Danmıram. O dəstəyi mənə Pərviz Bülbülə verdi. Allah eləməsin, nə vaxtsa yollarımız ayrılsa da, mən onun zəhmətini danmaram. Bu yaxında verlişlərin birində mənə dedilər ki, sabah bunu dansan, sənin qabağına qoyacağıq. Dedim, mən indi də danmıram, gələcəkdə də danmayacam. Maddi məsələyə görə efirlərə çıxa bilməyəndə Pərviz mənə kömək oldu, efirə çıxartdı. Bu qədər insan məni tanıdı. Düzdü, özündə istedad olmasa, kimsə sənə nəsə edə bilməz. Səsim, istedadım, musiqi duyumum var, zəhmət çəkmişəm, amma bütün bu qabiliyyətlərimi xalqıma Pərviz sayəsində təqdim edə bildim.
Pərviz özü də müsahibələrində deyir ki, yanımdakı insanın səsi olmasaydı, nə etsəm də, heç nə alınmazdı. Ancaq bunu mənə dəfələrlə də deyiblər ki, səsin fərqlidir. Oxuyan kimi Türkan Vəlizadənin səsi olduğu bilinir.
- Bir tərəfdən yaxşı oldu ki, sizi tanıtdı. Ancaq bu cür tanıdılma sizin solo karyeranız üçün əngəl yaratmadımı?
Çünki siz duetlərlə məşhurlaşdınız. Ömrü boyu Pərvizlə oxuyası deyilsiniz ki... Məsələn, 2-3 aydan sonra ayrılıb solo oxumaq istəyə bilərsiniz.
- Əksini düşünürəm. Məncə, əslində Pərvizlə duetlərim solo karyerama təkan olacaq. Duetlərimiz sevilir, tamaşaçı bizi ayrı görmək istəmir. Çünki biz Pərvizlə bir-birimizi həqiqətən tamamlayırıq. Sənətdə, hərəkətdə, hətta şirinlikdə... Solo karyeraya gəldikdə isə... Tamaşaçı indi məni sevirsə, yəqin ki, onda da sevəcək.
- Bəs tək mahnı oxumaq fikriniz varmı, ya da klip çəkdirmək?
- Hə, yeni oxumuşam birini - "Dərdinə dərmanam". Yutubda da yaxşı baxılır. "Axı aşiqinəm" mahnısına da bu yaxınlarda klip çəkilib, müəllifi Pərviz Bülbülədir. Həm də demək olar ki, bu mahnı mənim şəxsiyyət vəsiqəmdir. Bu yaxınlarda da təqdimatı olacaq.
- Bəzi kişi müğənnilər deyir ki, oğlumu müğənni ilə evləndirmərəm. Bu ifadə sizcə, nə dərəcədə doğrudur, yaxud uyğundur?
- Mənim elə fikirlərim var ki, dilə gətirsəm, nə boyda sözə-söhbətə səbəb olar. Ancaq şəxsidirlər. Buna görə də hər kəsin şəxsi düşüncəsinə hörmətlə yanaşmağa çalışıram.
Bu yol çox çətin yoldur. Yuxusuz gecələr, yollarda olmaq, səfərlərə getmək var... Elə toylar var ki, saat 2-3-ə kimi uzanır. Məcbursan ac-acına, yorğun halda yola verəsən. Qadın üçün lap çətindi. Axşam saat 6-dan 12-yə qədər ayaq üstə, hündür dabanda, hələ toy uzansa, lap yorulur adam. Kim istəyər ki, xanımı, gəlini gecəyə kimi çöllərdə olsun?.. Buna görə də o sözü deyən kişi müğənniləri başa düşürəm. Onlar oğlunun yeməyini, içməyini, uşağını fikirləşir. Özümə gələndə isə bu baxımdan rahatam. Evdə iki bacım hər işimi görür.
- Bəs siz övladlarınıza belə qadağa qoyarsınızmı?
- Yox, mən demərəm. Çünki özüm də bu sənətdəyəm. Həm gələcəkdə mən ailə qursam, oğlum olsa, incəsənətdən sevib evlənərsə, qarşı durmaram. Sevgi insanın həssas nöqtəsidir. Sevmədiyin insanla nəyə görəsə ailə qurarsan, ancaq elə bir məqam gəlib çatar ki, həmin şeylərin heç biri gözünə görünməz. Ancaq sevgi və o sevgidən yaranan doğmalıq sənin qarşında böyük bir sədd yaradaraq, ailəni uçuruma getməyə qoymaz. Ona görə sevərkən günahları bağışlamaq olur. Onsuz da beş günlük dünyadı, bilmirik nə vaxt öləcəyik. Qəbrin içinə də tək gedirsən, yanında güvənəcəyin heç kim olmur. Niyə övladımın sevgisini ürəyində qoyum ki.
- Bizə ailənizdən, uşaqlığınızdan, təhsilinizdən danışın.
- Gəncədə anadan olmuşam, 18 nömrəli məktəbi bitirmişəm. Həmin məktəbin direktoru mənim bibimdir. Yaxşı oxumuşam məktəbi. Heç bir müəllimin məndən narazılığı olmayıb. "Sinifkom" olmuşam. Universitetə qəbul olsam da, pulluya düşdüyümə görə, müəyyən səbəblərdən təhsilimi dayandırdım. İstəyirəm yarımçıq qoyduğum təhsilimi davam etdirim. Anam, atam, iki bacım var. Atam iş adamıdır, o haqda danışmaq istəmirəm. Səhhətində ciddi problemlər var.
- Nə problem?
- O qədər özünə qapalı insandır ki, neçə vaxtdır ağrıyırmış, bizimsə xəbərimiz yoxdur. Həm istəmir ki, övladları valideyn ağrısı çəksin. Ancaq artıq əməliyyat olundu. Bizim ailə həkimimiz var, sağ olsun, təmənnasız atama kömək etdi.
- Ailənizdə işləyən təkcə sizsiniz eləmi?
- Bəli, indi ailənin yükü mənim üzərimdədir. Bundan heç də pis olmuram.
- Bacılarınız bəs?
- Onlar da orta təhsillidirlər. Maddiyat baxımından ali təhsil ala bilmədilər. Ancaq əllərinə sənəd vermişəm. Düzdü, hələ qoymuram işləsinlər. Çünki yaşları azdır, hələ çətinliyin nə olduğunu bilmirlər. Mən artıq çətinliyə öyrəşmişəm.
- İndi ailənin yükünü siz çəkirsiniz. Gənc xanımsınız, siz ailə qurduqdan sonra nə olacaq?
- Belə qoymayacam ki... Onlara ev, iş, maşın təminatı yaradacam. Mənimlə ailə quran adam da gəlib ailəmə baxmayacaq ki, buna heç razı da olmaram. Çünki ailəm indiyə kimi heç kimin çörəyini yeməyib.
- Bəs sizinlə evlənən adam desə ki, oxuma, onda necə?
- Məni hər şeylə təmin etsin, hər bir şəraitim olsun, əlbəttə, oturub ailəmə baxaram. Mən pulu səsimlə qazanıram, sabah səsim bata bilər. Bu həyata bir dəfə gəlmişəm. Buna görə də, qarşıma çıxan oğlan ürəyimcə olarsa, sənətdən uzaqlaşaram.
- Müəllimə gedərsiniz?
- İndi elə zəmanədir ki, 100 manatı xırdalandın, baxırsan heç nə qalmadı. Yadımdadır, atam o vaxt az maaş alırdı, ancaq bizi çox yaxşı dolandırırdı. Dözə bilmərəm ki, övladımın istədiyini ona ala bilməyim. Onu istədiyim kimi böyütmək, təhsil vermək üçün müəyyən imkan olmalıdır. Demirəm milyonçu olsun. Heç olmasa ailəsinin çıxarlarını qarşılaya bilsin.
- Şou aləmində tez-tez gündəmə gələn sponsor məsələsidir. Niyə insanlar "filan müğənninin sponsoru var" deyəndə, beyinlərində "sevgilisidir" fikri yaranır?
- Yaxşı adam var, pis adam var. Pis adam bütün sahələrdə olur. Bu tək incəsənət aləmi ilə bağlı deyil. Bir də görürsən bir müəllim yaxınlaşıb deyir ki, gəl sənə sponsorluq edim. Amma məqsədi nədir, bilirsən. Bir xanım gedib katibə işləyir, eşidirik ki, müdür ona filan təklifi edib. Yəni bu insanın özündən asılıdır. Açığı hansısa bir kişi mənə cürət edib deyə bilməz ki, sənə sponsorluq edim. Buna mən şərait yaratmaram. Mənə lazım deyil. Mən öz çörəyimi zəhmətimlə qazanan adamam. Mən və digərləri bu şəraiti yaratmasa, sponsor söhbəti olmaz. Bu qədər xalq artistləri, əməkdar artistlər var, "sponsorun hesabına filan şeyi edir" deyib, onların zəhmətini yerə vurmaq olmaz.
- Bayaq dediniz ki, sizinlə evlənən çox varlı olmasa da, olar, əsas odur ehtiyacınız olan təmin edilsin. Belə təklif olubmu bəs?
- (Gülür) Olur olmağına, ancaq elə bir mərhələdəyəm ki, hələ bu barədə düşünmürəm. Müəyyən bir kütlə var ki, onların sevgisini qazanmışam. İstədiyim sevgini qazanım, öz yolumu tapım, işimi genişləndirim sonra o barədə fikirləşərəm.Elə bir durumdayam ki, kimsə mənə ailə qurmaq təklifi etsə, inana bilməyəcəm ona. İnanaram, ataram işimi, gedərəm, səhəri gün başıma elə bir iş gələr ki, nə geri dönə bilərəm, nə də irəli getməyə gücüm çatar.
- Elə bir səs tembriniz var ki, hər kəs dinləyir. Sizi dinləyən yaşlı insanlarla da rastlaşmışam. Pərvizlə "Divanən olmuşam" oxumusunuz. Sizi mən estrada oxuyanda dinləmişdim. Necə oldu ki, o janrdan musiqili meyxanaya keçdiniz?
- Meyxana bədahətən deyilir. Həm də kişiyə aid bir sənətdir. Elə adam var, "hə, bu da keçdi meyxanaya" deyir. Yox, meyxana demək fikrim yoxdur. Mən estrada, muğam oxuya bilərəm. Ancaq meyxana deməyə gücüm çatmaz. Biz Pərvizlə musiqili meyxana oxuyuruq ki, xoş olsun. Ancaq mən meyxanaçı deyiləm.
- Sənətdə Pərvizdən başqa yaxın dost olduğunuz insan varmı?
- Ümumiyyətlə, dost anlamı çətindi. Mən ancaq verilişdən-verilişə, tədbirdən-tədbirə rastlaşıram həmkarlarımla. O deyir e... filan həkim öz həmkarını işdən çıxartdırdı. Yaxud filan müəllim deyir e... filan müəlliməni dekretə saldırdım, çıxartdırdım. Bu sənət də elədi. Nə qədər bir yerdə ye, iç, yat... yenə ayağının altını qazacaqlar. Heç real həyatda da mənim "dost" deyib, inandığım biri yoxdur. Mənim hər şeyim anamdı, bacılarımdı. Düzdü, çox şeylər var ki, ailəyə deyə bilmirsən, başqası ilə bölüşürsən, ancaq o da sənə dost ola bilməz.
- Yerli müğənnilərimizdən dinlədikləriniz varmı?
- Əlbəttə.
- Damlanı dinləyirsiniz?
- Damla ilə münasibətim illərə söykənir. Onda hələ Məsumə idi. Bir yerdə toy idarə etmişik. Damla pis qız deyil.
- Diplomatik tərzdə cavab verirsiniz.
- Yox, Damla başını salıb, öz işiylə məşğul olan adamdır. Heç kimin işinə qarışmaz. Mən olanı deyirəm. Bu ən gözəl xüsusiyyətdir. Buna görə hazırda o qız sevilir.
- Yəni şəxsi keyfiyyətlərinə görə?
- Elə səsinə görə də.
- Bu yaxında sosial mediada bir məsələ müzakirə olundu. Daha çox Üzeyir Mehdizadəni tənqid edirdilər. Ancaq bundan az sonra onun Türkiyədə necə izdihamla qarşılandığını özümüz gördük.
- Bəli, biz özümünküləri o qədər itələyirik ki, başqa ölkə onu sahiblənir. Bizim bəzi müğənnilərə "bayağı" deyirlər, onların içinə məni də qatırlar. Biz bu boyda kütlənin zövqünü oxşaya biliriksə, arasından 1-2 nəfər çıxıb necə bizə bayağı deyə bilər? Açın bizim yutubda baxış sayımıza baxın. Bayağı müğənnini bu qədər dinləmək olar?
- Bəs sizin özünüzün bayağı saydığınız kimsə və ya janr varmı?
- Ümumiyyətlə, bayağı deyilən bir şey yoxdur. Bu zövqdü. Bu gün mən bu tərzdə oxuyuram, sabah başqa tərzdə. Bayağı söz ola bilər. Üzeyirin çox yaxşı xasiyyəti var. Əsas xoşuma gələn odur ki, həmişə özünü yüksəkdə tutmağı bacarır. Buna görə də onun haqqında artıq-əskik heç nə deyilmir.
- Mahnı oxuyarkən sözlərin seçiminə diqqət edirsiniz?
- Əlbəttə, duetlərə Pərviz özü nəzarət edir. Tək oxuduğum mahnıları da ona göstərirəm, məsləhətləşirəm. Çünki bu adamın həm musiqi duyumu çox güclüdür, həm də söz xiridarıdır. Çox savadlıdır. Mahnıya baxan kimi bilir ki, bu mahnı seviləcək, ya yox. Xaricdə musiqini yoxlamaq üçün əvvəlcə uşağa dinlədirlər. Reaksiya verirsə, bilirlər ki, musiqi tutacaq. Pərviz də elədi, öncədən dedisə, deməli mahnı hit olacaq.
- İmtina etdiyiniz mahnı olubmu?
- Əlbəttə, olub. İndi o qədər gənc bəstəkar var ki, imkanı yoxdur, tanına bilmir. Mahnıları da ailəsini dolandırmaq üçün neçəyə gəldi satır. Ancaq içlərində istedadlılar da çoxdur. Məsələn, oxuduğum "Dərdimə dərman ol" mahnısını cavan bəstəkar Murad Zeynallı yazıb. Səidə Sultanın "Canıma yazıq" mahnısını da o, yazıb. Damlanın bir sıra sevilən mahnılarının da bəstəkarı odur.
- Bəzi müğənnilər səsləri ilə yox, açıq-saçıq fotosessiyaları ilə gündəmə gəlirlər. Buna münasibətiniz necədir?
- Kütlə bunu mentalitetə görə qəbul etmir. İndi elə bir zamandır ki, 2 yaşında uşaq da internetə girir. Həmin fotoları uşaqlar da görür. Buna görə də böyüklər narazılıq edirlər. Həm də biri var əvvəldən elə geyinəsən, biri də var sonradan başlayasan. Vay o gündən ki, ikincisi ola.
- Bəs açıq-saçıq fotolar çəkdirərsinizmi?
- Yox. Düzdü, uşaqlıqdan ailədə çox da qapalı geyinməmişik. Anam həmişə deyir ki, sizə hər şey geyindirib, yedirib, içirmişik ki, səhəri gün kiminsə qapısına düşəndə, nəyəsə qadağa qoyanda pis olmayasınız.
- İndi siz mediaya açıqsınız, zəng edirik, cavab verirsiniz. Görəsən 5 ildən sonra necə olacaqsınız...
- Çox jurnalist var ki, onların hər biri ilə salamım var. Münasibətim normaldı. Düzdü, müğənnini gündəmə gətirən, işıqlandıran jurnalistlərdir. Bunu danmaq olmaz. Ancaq elə jurnalist var ki, ağzından çıxan sözü oxucuya olduğu kimi çatdırmır. Buna görə heç bir müğənnini qımayın. Düzdü, jurnalist də öz materialını oxutmaq üçün bunu edir. Ancaq müğənni də bəzən hövsələdən çıxır və onu məhkəməyə verir.
- Hobbiniz varmı?
- Vaxtım olan kimi yatıram. İnanın yemədən, içmədən 24 saatı yataram. Amma görürəm ki, yatmaq vaxtı deyil. Musiqiyə də maşında gedə-gedə qulaq asıram. İdmana da gedirdim, işlərə görə dayandırmışam.
- Dünyada müğənnilər konsertləri ilə dolanırlar. Ancaq bizdə toy bazarı dayansa, müğənni batar.
- Türkiyədə müğənnilərin çoxu toylara getmir. Buna görə də insanlar üçün konsertlər maraqlıdır. Bizdə təmtəraqlı toylar çox olur. O toylara da bahalı müğənnilər dəvət olunur. Kütlə müğənniləri toyda gördüyü, mahnılarını eşitdiyi üçün konsertə getmək istəmir. Bir-iki müğənni var ki, onların konsertinə bilet satılır. Onlar da toylarda çox görünmürlər deyə, maraqla qarşılanırlar.
- Sonda oxucularımıza xüsusi nəsə deyəcəyiniz varmı?
- Hər birinizə təşəkkür edirəm. Oxuculara da bildirmək istəyirəm ki, biz o qədər də pis insan deyilik. Sadəcə üzdəyik deyə söz-söhbət çox olur. Bizim səhnə arxası həyatımızı tam olaraq bilmirlər. Hamı elə bilir ki, bizim heç bir problemimiz yoxdur. Dərd çəkmirik. İnanın ki, ən böyük problemlər elə bizdədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !