Al Jazeera Türk: Suriyadakı azərbaycanlı döyüşçülər- VIDEO

17:29 | 05.02.2014
Al Jazeera Türk: Suriyadakı azərbaycanlı döyüşçülər- VIDEO

Al Jazeera Türk: Suriyadakı azərbaycanlı döyüşçülər- VIDEO

Suriyada müxalif cəbhədə döyüşərək həlak olan Rüstəm Əsgərov özündən sonra 3 uşaq qoydu. Son bir ayda 14 Azərbaycan vətəndaşı Suriyada həyatını itirib. Dəqiq rəqəmləri bilən yoxdur. Ölkədə nəzərlər sələfilərə yönlənib. Azərbaycandakı qurumlar bu vəziyyətdən narahatdırlar. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzinə yarım saatlıq məsafədə yerləşən Sovet dönəmindən qalma köhnə bir binanın birinci mərtəbəsindəki mənzilə daxil olan kimi, sizi çox şirin iki uşaq qarşılayır. Birinin adı Səfiyyə, o birinin adı isə Musadır. Musa babasının adını daşıyır. Ataları Rüstəm Əsgərov dekabr ayının əvvəlində Suriyada müxalif sıralarda vuruşarkən Hələb şəhərində həyatını itirib. "27 sentyabrda (2013-cü ildə) İstanbula yanına getdim. Uşaqlarını və həyat yoldaşını gətirdim. Ondan sonra onu bir daha görmədim". Atası Musa Əsgərov oğlunu son dəfə İstanbulda görüb. "Mənə Suriyaya gedəcəyini deməmişdi, amma mən bunu təxmin edirdim. Həmişə müsəlmanlar üçün döyüşmək istəyərdi", - M. Əsgərov deyir. Suriyada müxalif "Ahraşuş Şam" dəstəsinin tərkibində döyüşərək həyatını itirən Rüstəm Əsgərov haqqında Azərbaycan mətbuatı təxminən 10 il əvvəl də yazmışdı. 22 yoldaşı ilə birlikdə 2003-cü ildə Qarabağa gedərək "partizan" döyüşləri aparacaqlarını bildirdikləri zaman Azərbaycan qurumları tərəfindən həbs olunmuşdular. 2 il 6 ay müddətində həbsdə saxlanılmışdılar.Rüstəm Əsgərovu yaxından tanıyanlardan biri də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. Akif Nağı Rüstəm Əsgərovun məhkəmələrdə effektiv müdafiə edən lider mövqeyində biri olduğunu deyir:"Onlar özlərinə "sələfi" deyərdilər. Həbsxanadan çıxandan sonra qardaşı ilə dükan açdılar. Sonra bir gün "Burda mənim üçün həyat çətinir, izləyir, təqib edirlər. Mən Türkiyəyə gedəcəm", - dedi. Onsuz da həbsxanadan çıxdıqdan sonra evində silah saxlaması iddiası ilə bir daha həbs etmişdilər. Sonra Türkiyəyə getdi". Oğlunun 2012-ci ildə Türkiyəyə getdiyini deyən atadan "oğlunuz sələfi idimi?" deyə soruşduq:

"Namazını qılardı. Dindar idi. O özü üçün "Mən Əhli-Sünnəyəm" deyərdi. 1997-ci ildə Səudiyyə Ərəbistanının Mədinə Universitetinə sənədlərini göndərdi və daxil oldu. Getdi. Qayıdanda "Biz özümüzə müsəlman deyirik, amma əsl müsəlmanlıq belə deyil", - dedi. Bizə kitablar verdi. Oxuyub öyrəndik. Mədinə Universitetində oxuduğu dövrdə tətillərin birində bura gəldi. Çeçenistana getdi. Niyə getdiyini bilmirəm".

Rüstəm Əsgərovun atası qonaq otağında bizə bunları danışdığı vaxt qapı açıldı. Əlində yeni doğulmuş körpə ilə yaşlı bir qadın içəri daxil oldu. Körpə, Suriyada ölən Rüstəm Əsgərovun 6 günlük körpəsi idi. Ölümündən sonra doğulmuşdu. Adı hələ qoyulmamışdı. Körpəni gətirən nənənin gözləri yaşlı idi. ""Budur" dedim. Tanıdım. Adam oğlunu tanımazmı?" Anası oğlunun şəklini internetdə görəndə tanıyıb. Şəkil 2 dekabr 2013-cü ildə Türk dilində nəşr olunan internet səhifələrinin birində nəşr olunmuşdu. Suriya xəbərlərinə geniş yer ayıran internet səhifəsi üzü qanlar içində ölü bir adamın şəklinin üzərinə "Suriyada daha bir Azəri şəhid" başlığı yazmışdı. Azərbaycan qurumları vəziyyətdən narahatdırlar"Daha bir Azəri şəhid" başlığı yazılıb, çünki Azərbaycandan Suriyaya döyüşmək üçün gedən və orada həlak olanların sayı hər gün artmaqdadır. 25 dekabr 2013-cü ildən 23 yanvar 2014-cü ilə qədər olan 1 aylıq müddət ərzində 14 Azərbaycan vətəndaşının Suriyada müxalif cərgələrdə döyüşərək öldüyü Azərbaycan qəzetlərində dərc olunub. Döyüşlərin ən başından bəri olan rəqəm isə məlum deyil. Həqiqi rəqəmlərin bundan çox yüksək olduğuna dair geniş yayılmış fikir mövcuddur.Son dövrlərdə artan bu tipli xəbərlər Azərbaycan rəsmilərinin də diqqətini çəkib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev 24 yanvar 2014-cü ildə "Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərə qatıldığı sübut olunarsa, qanun çərçivəsində lazımi addımlar atılacaq", - dedi. Azərbaycanın dini qurumu Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə də Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqlamasından 3 gün əvvəl " Biz heç vaxt döyüşə çağıran fətva verməmişik. Qafqaz müsəlmanları üçün fətva vermək səlahiyyəti yalnız bizdədir. Heç kəs özbaşına iş görməsin, yoxsa bu onlar üçün yaxşı nəticə verməyəcək", - deyə açıqlamışdı. Qafqaz Müsəlmanları İdarəsi Suriyada cihad fətvası verənləri tənqid edirdi. Gözlər sələfilərə yönəlib

Azərbaycan vətəndaşlarının Suriyada döyüşərək ölməsi xəbərləri gözlərin ölkədəki sələfilərə yönəldilməsinə səbəb oldu. Azərbaycanda sələfi məzhəbindən insanları tapmaq üçün yola qoyulduq. Kamed Süleyman (Soyadı Süleymanovdur, lakin "Siz Süleyman deyə qeyd edin" dedi) Bakıdakı Əbübəkr məscidinin imamıdır. Sələfi məscidi olaraq tanınır. Məscid 2008-ci ildə bağlanılıb. Səbəb olaraq isə, həmin ildə məscidə atılan bomba göstərilib. Biz Hacı Qamət Süleyman ilə məscidin yaxınlığında görüşdük. Məscidi Küveytli bir iş adamı tikdirib. Hələ də bağlı olmasının səbəbini soruşanda boynunu bükərək "bilmirik" cavabını verdi. Qapalı bir məkana gedib söhbətimizə başlayırıq. Özünün sələfi olduğunu, amma əsla Suriya üçün cihad fətvası vermədiyini, hətta orada cihad etməyin şəriətə görə səhv olduğunu deyir. "Fətvaları kim verir?" sualımıza ölkə xaricindəki şeyxlərə işarə edərək cavab verir. Gənclərin internetdən oralarda yaşananlardan təsirlənərək Suriyaya getdiklərini, lakin bunun səhv addım olduğunu deyir.

Yaxşı, bəs əksəriyyəti şiə olan Azərbaycanda sələfilik nə dərəcədə yayılıb və necə inkişaf edib? Azərbaycanda siyasi İslam sahəsində fəaliyyət göstərən az sayda mütəxəssislərdən biri olan akademik Dr. Altay Göyüşov Sovet İttifaqının dağılmasının ardından Körfəz ölkələrindən Qarabağ köçkünlərinə yardım məqsədilə çox sayda yardım quruluşlarının gəldiyini və sələfiliyi yaydığını bildirir. Xüsusilə ölkənin sünni Şimali Qafqaza qonşu olan Şimal sərhədində sələfilik yayılıb. Göyüşov, mövcud vəziyyətdə hökumətlə münasibətləri yaxşı olan və olmayan sələfilərin olduğunu bildirir. Hökumətlə arası yaxşı olmayan sələfilər 2006-cı ildən "yeraltına" enmişlər. Cihad fətvasını da verənlər onlar imiş. Suriyada müxalif cərgələrdə döyüşən Azərilər haqqında xəbərlər onu heç də təəccübləndirmir. Necə getdiklərini soruşduqda isə : "Türkiyədən keçməklə" cavabını verir.

Mənbə:Al Jazeera Türk / İrfan BozanTərcümə: Cəmilə İbrahimova

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti