Aleksandr Bastrıkin Azərbaycana işgüzar səfər edib

18:04 | 19.03.2024
Aleksandr Bastrıkin Azərbaycana işgüzar səfər edib

Aleksandr Bastrıkin Azərbaycana işgüzar səfər edib

Baş prokuror Kamran Əliyevin dəvətilə martın 19-da Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.Bu barədə Baş Prokurorun Mətbuat Xidməti məlumat yayıb.

Nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarı önünə əklil qoyub, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Daha sonra Şəhidlər Xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları İlham Əliyev və Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Baş prokuror 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqların işğaldan azad  olunduğunu, ötən ilin sentyabr ayında isə 24 saatdan az davam edən lokal xarakterli antiterror əməliyyatlarının uğurla başa çatması ilə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa edildiyini vurğulayıb.

Kamran Əliyev, həmçinin müharibədən sonrakı dövrdə ölkə Prezidentinin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və diqqəti ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşların doğma yurdlarına qayıdışı və bu istiqamətdə görülən sistemli işlərdən bəhs edib.

Baş prokuror prokurorluqda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçiriləcəyini bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini vurğulayıb.

Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Aleksandr Bastrıkin göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq, prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.

Nümayəndə heyəti üzvləri daha sonra Baş Prokurorluğun tarix muzeyində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış güşə, Azərbaycan Prokurorluğunun zəngin tarixi, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu bölmə, eləcə də digər sənəd və eksponatlarla tanış olublar.

Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi "Vəzifə borcuna sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını "Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.

Azərbaycana işgüzar səfəri çərçivəsində Bastrıkin Baş Prokurorluğun, eləcə də digər istintaq qurumlarının rəhbərləri və əməkdaşları, həmçinin Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvlərinin və vəkillərin qatıldığı Baş Prokurorluğun yeni inzibati binasında təşkil olunmuş "İstintaq təcrübəsinin aktual problemləri” mövzusuna həsr olunmuş elmi-praktik konfransda iştirak edib. İstintaq Komitəsinin sədri konfransda geniş mühazirə ilə çıxış edərək, tədbir iştirakçılarının suallarını cavablandırıb.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Azərbaycana işgüzar səfəri başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti