"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətində Ermənistan sadəcə olaraq mövcud deyil. Ərdoğan üçün Ermənistan əhəmiyyətli deyil”.
Modern.az saytının məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın işğalçı siyasətinin alovlu tərəfdarı, politoloq Aleksandr Duqin bildirib.
Ekspertin fikrincə, Türkiyədə ermənipərəst qüvvəllər olsa da, rəsmi Ankara Ermənistana real maraq göstərmir.
Politoloq fikrini belə əsaslandırıb ki, Türkiyə hazırda daha mühüm geosiyasi problemlərə girişib və Ermənistan onun üçün arxa plandadır.
Aleksandr Duqin hesab edir ki, hazırkı siyasi situasiyada Türkiyənin Azərbaycanı da bütün qüvvəsi ilə dəstəklədiyini demək olmaz.
"Ermənistanda çoxları hesab edir ki, Türkiyə Azərbaycanı bütövlükdə dəstəkləyir. Bu, belə deyil. Türk geosiyasətində Azərbaycan da Ermənistan kimi eyni çəkiyə malikdir”, - deyə o bildirib.
Ekspert Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının azaldığını da söyləyib:
"Türkiyə bütün diqqətini ancaq öz milli maraqlarına cəmləşdirib. İndiki vaxtda Qarabağ münaqişəsi, ümumiyyətlə, ermənilərlə türklər arasında olan köhnə problemlər Türkiyəni maraqlandırmır. Ərdoğan və Ankara üçün Ermənistan heç bir praktiki əhəmiyyət kəsb etmir”.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ konfliktini kəskinləşdirmək istəyinə Türkiyə müqavimət göstərir.
"Çünki Türkiyənin yeni gərginlik ocaqları yaratmaq, ikinci cəbhə açmaqla bağlı nə arzusu, nə də hədəfi var”.
Aleksandr Duqin Rusiya-Ermənistan müttəfiqliyi və onun regiona təsirlərindən də söz açıb. Siyasi şərhçi bu qənaətdədir ki, Rusiyanın Ermənistanla sıxlaşan hərbi əməkşdaşlığı Azərbaycana qarşı yönəlməyib.
"Məsələ ondadır ki, Rusiya Ermənistanla ittifaqa Azərbaycana qarşı yönələn bir addım kimi baxmır. Eyni zamanda Azərbaycanla da yaxınlaşma Ermənistana qarşı deyil. Azərbaycan əvvəllər daha çox Qərbə yönəlirdi. Amma indi Azərbaycan tədricən anlayır ki, ABŞ və Avropa ilə əlaqələr problemlər yaradır. Bu, Azərbaycanın maraqlarını təmin etmir. Buna görə də Azərbaycan Avrasiya siyasətinin orbitinə qayıdış yollarını axtarır. Rusiya da bunu məmnuniyyətlə dəstəkləyir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !