İyunun 30-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2015-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri iştirak ediblər.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini, döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini təbrik edib.
N.Osmanov bildirib ki, bu il Ali Hərbi Məktəbdən 473, Ali Hərbi Dənizçilik Məktəbindən 131, Ali Hərbi Təyyarəçilik Məktəbindən isə 18 nəfər məzun olur.
Sonra N.Osmanov xüsusi təyinatlı hərbi məktəblərdə tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib.
Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları elan edilib və hədiyyələr təqdim olunub.
Məktəbləri fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !