Hesablama Palatası Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı auditinin nəticələrini açıqlayıb. Auidit 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən ümumilikdə 46 390,3 min manat məbləğində vəsaiti əhatə edib.
HP audit nəticəsində bir sıra qanun pozuntuları aşkara çıxarıb. Müəyyən edilib ki, əvvəlki audit tədbirində müxtəlif kitabların alınmasına görə yaranmış debitor borc bağlanılmayıb, 2014-2016-cı illər üçün təqdim olunan büdcə proqnoz layihələrində İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bir çox xərclər üzrə əvvəlki illərin baza göstəriciləri əsas götürülərək proqnozlar artımla tərtib edilib, bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, "Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” xərc paraqrafı üzrə mükafat məbləği artıq planlaşdırılıb, büdcədənkənar vəsaitlərin məbləği ildən-ilə artımla proqnozlaşdırılsa da, bu gəlirlər (təhsil haqları), əksinə, az daxil olub.
Tədbirlərin keçirilməsi zamanı müvafiq normalara bəzi hallarda riayət olunmayıb, ilkin təsdiqedici sənədlər tam təqdim edilməyib, işlərin görülməsinə dair aktların məzmunu tədbirlərin xarakterinə uyğun tərtib olunmayıb.
İdarə tərəfindən xərclər smetasında nəzərdə tutulmadığı halda işçilərə xarici dil kursunun keçirilməsinə görə təhsil haqqı ödənilib, Beynəlxalq foruma dəvət olunan qonaqlara ödənilən qonorar məbləği vergiyə cəlb edilməyib, kitabların çapı zamanı artıq xərclərə yol verilib.
Auditlə müəyyən edilib ki, idarədə xidməti minik və yük avtomobillərinə normadan artıq yanacaq silinib, yerinə yetirilmiş təmir işləri üzrə işlərin həcminin artırılması, vəsaitin səmərəsiz xərc edilməsi və eyni zamanda artıq vəsait ödənilməsi hallarına yol verilib.
İşlər İdarəsi tərəfindən maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib, eləcə də hesabatda əsas vəsaitlərin qalığı artıq göstərilib, bəzən istismar müddətini başa vurmamış inventarlar qalıq dəyəri ilə balansdan silinib, təsərrüfat avadanlıqlarının silinməsi düzgün aparılmayıb, həmçinin auditlə əhatə olunan illərdə İdarənin debitor borcu olub, bir halda alış sənədi üzrə əməliyyatın təkrar icrası nəticəsində debitor borcun məbləği azaldılıb, bəzi hallarda isə mövcud debitor borc qalığı hesabatda düzgün əks olunmayıb.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !