Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Trend-ə müsahibəsi- Azərbaycanda mövcud dini durumu necə dəyərləndirirsiniz?- Bismillahir-rəhmanir-rəhim! Şükürlər olsun ki, Azərbaycanda dini durum, ümumən, sabitdir. Dini icmalar öz fəaliyyətlərini həyata keçirir, dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar.Dindarların demək olar ki, hamısı dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Dövlət rəhbərimizin dünya miqyasında İslamın təəssübünü çəkməsini, ona olan hücumları ən mötəbər kürsülərdən tənqid etməsini, bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayırlar.Bizim məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyətin formalaşdırılmasıdır ki, əlhəmdülillah, biz dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah. Əlhəmdülillah, Azərbaycan, həqiqətən, bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir."Dindarlar ölkəmizin həyatında gedən bütün quruculuq proseslərində öz səylərini əsirgəməməlidir"
- Azərbaycanda din xadimlərinin attestasiyası məsələsi hazırda hansı səviyyədədir? Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinin bilik səviyyəsinin artırılması üçün təkmilləşdirmə kurslarının aparılmasını nəzərdə tuturmu?- Dinimizin müqəddəs dəyərlərinin insanlarımıza dogru-düzgün çatdırılması, maarifləndirmə işləri dini mərkəz olaraq hər zaman qarşımızda duran ən mühüm vəzifələrdəndir. Bu işdə, təbii ki, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məqsədlə biz din xadimlərimizin seçimi, onların yüksək səviyyədə cəmiyyətə xidmət göstərməsi məsələsini həmişə diqqətdə saxlayırıq.İdarə tərəfindən həyata keçirilən attestasiya prosesi də bu mərama xidmət edir. Attestasiya mütəmadi həyata keçirilən idarədaxili prosesdir, lakin biz bu məsələyə olan ictimai marağı, sosial tələbatı nəzərə alaraq, məsələn, bölgələrdə səyyar şəkildə keçirilən attestasiya proseslərində ictimaiyyət nümayəndələrinin də iştirakını təmin edirik. Attestasiya Komissiyasının mötəbər üzvləri tərəfindən keçirilən, videolentə alınan attestasiya prosesləri zamanı iddiaçıların dini bilik səviyyəsi, Quran qiraəti, müxtəlif şəri ayinləri icraetmə bacarığı və s. mühüm məqamlar imtahan edilir. Nəticələrə uyğun olaraq, iddiaçılar İdarə tərəfindən müvafiq dini vəzifələrə təyinat alır, vəsiqə ilə təmin olunurlar. Həmin vəsiqədə göstərilən şəxsin hansı dini məqamı tutduğu əksini tapır.İdarə din xadimlərinin öz bilik və dünyagörüşü səviyyəsini artırmaq məsələsi istiqamətində də daima çalışır. Mütəmadi keçirdiyimiz konfrans və digər daxili tədbirlər zamanı din xadimlərinə müvafiq məsləhətlər verilir, yeni dini ədəbiyyat tövsiyə olunur. Yardımçı vəsaitlər hazırlanaraq din xadimlərinə paylanır. Mən bu il hazırladığımız "Axund və imamlar üçün xütbə nümunələri" adlı vəsaiti xüsusi qeyd etmək istərdim. Həmin vəsaitdə din xadimlərimizə təqdim olunan xütbə nümunələrində bu və ya digər tarixi məqamlarda oxunması məsləhət olunan məsələlər əksini tapmışdır. Məsələn, xalqımızın tarixində önəmli günlərdə - 20 Yanvar, Xocalı qətliamı kimi hüznlü günlərdə, habelə fəxarətli tarixlərdə dindarlara həmin günlərin fəzilətini aşılayan məqamlara toxunulması tövsiyə olunur. Çünki dindarlar üçün Vətən təəssübü olduqca vacib məqamdır. Vətəni sevmək imandandır və hər bir din xadimi bunu öz xütbələrində də aşılamalıdır. Biz hər zaman bunu təlqin edirik ki, din dövlətdən ayrı olsa da, dindar, vətəndaş dövlətdən ayrı ola bilməz. Dindarlar ölkəmizin həyatında gedən bütün quruculuq proseslərində öz səylərini əsirgəməməli, ibadətləri və dualarında Vətəni, onun maraq və mənafelərini düşünməlidirlər.
- Bu gün İslam dünyasında ən aktual problemlərdən biri də radikallığın olmasıdır. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu kimi neqativ halların qarşısının alınması üçün nə kimi təklif və planlarınız var və bu sahədə hansı ölkələrlə əməkdaşlıq edilir?- Bilirsiniz, tarix boyunca bütün dinlərin daxilində müəyyən fikir ayrılıqları, ixtilaf və parçalanmalar olub. Bu, bəzən ilahi həqiqət axtarışında olduqlarını iddia edənlərin fərqli fikirlərindən irəli gəlibsə, çox zaman siyasi səbəblər, hakimiyyətə gəlmək məramı ilə edilıb.İslam daxilində meydana gəlmiş cərəyanların da özəl tarixi vardır. Onlardan bəziləri daha qədimdir, bəziləri nisbətən sonralar meydana gəlib. Mühüm olan bu cərəyanların İslam, Quran təməlindən kənara çıxaraq dağıdıcı yönümlü olmamasıdır. Əgər bir cərəyan ruhani həyat axtarışına deyil, müəyyən ambisiyaların gerçəkləşdirilməsinə xidmət edirsə, bu yolda insan qanının axıdılmasına bəraət verib terrora haqq qazandırırsa, mütləq Allah və cəmiyyət qarşısında cavab verəcəkdir.İnsanların müxtəlif cür düşünmək xüsusiyyəti Allah-taalanın lütfündəndir. Lakin bu müxtəliflik bizim parçalanmağımıza deyil, bir-birimizi daha yaxşı tanımağımıza, dərk etməyimizə və Uca Yaradanımıza həmd-səna etməyimizə xidmət etməlidir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq. Azərbaycanın sabitlik və istiqrarda yaşaması bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bu cür meyillər yox deyildir. İqtisadi qüdrəti və mənəvi gücü, vətəndaş həmrəyliyi və vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiramı nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək, inşallah.
- İşğal olunmuş ərazilərdəki mədəni, dini, tarixi abidələrin dağıdılması mövzusunda dəfələrlə etiraz bəyanatları ilə çıxış etmisiniz. İslam ölkələri bu ərazilərdəki həmin abidələrin qorunması məqsədi ilə nə kimi birgə addımlar atmalıdırlar?- Bəli, bizim erməni dini lideri ilə görüşlərimiz zamanı bu məsələ tərəfimdən dəfələrlə müzakirəyə səbəb olmuşdur. Bilirsiniz, artıq baş vermişləri geri qaytarmaq mümkün deyil. Məqsədimiz belə halların təkrarlanmaması və ən əsası, işğala son qoyulduqdan sonra, inşallah, dövlətimiz tərəfindən bütün tarixi, dini, mədəni abidələrimizə yeni həyat bəxş olunmasıdır. Hər bir birgə bəyanatımızda bu məsələ xüsusi qeyd olunur, erməni tərəfindən bununla bağlı iradə nümayiş etdirmək tələb olunur. Və biz bütün beynəlxalq tədbirlərdə etdiyimiz çıxışlarda, ən yüksək xitabət kürsülərindən bu məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu kimi halların qarşısının alınmasına yönəldirik. İslam ölkələrindən hər zaman dəstək görürük, belə ki, bu abidələrin ümumislam əhəmiyyətli abidələr olduğuna diqqət çəkirik. İslam Əməkdaşlıq Təşkilatı, İSESKO xətti ilə lazımi səylər göstəririk və layiqli dəstək görürük."Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün din xadimləri də öz səylərini davam etdirirlər"
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və Ermənistanın dini liderləri ilə görüş nəzərdə tutulurmu? Dini liderlər münaqişənin həllində hansı rolu oynaya bilərlər?- Münaqişə vəziyyətində olan dövlətlərin din xadimlərinin üzərinə hər zaman böyük məsuliyyət düşür. Biz Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamandan bu missiyamızı dərk edərək "dəyirmi masa" ətrafında bir araya gəldik. 1988-ci ildən, yəni münaqişənin ilk ilindən etibarən əvvəlcə Rostovda, sonra Moskvada, Montredə görüşlərimiz oldu. Bu görüşlərin Montredən başqa hamısı Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutmuşdur. Bu görüşlərin əsas məramı etnik, ərazi münaqişəsinin heç bir vəchlə dini müstəviyə keçməsinə imkan verməmək olmuşdur. Bu baxımdan, dini liderlərin görüşləri, əldə etdiyimiz razılaşmalar, imzaladığımız birgə sənədlər məhz bu mərama xidmət etdi və tarixi əhəmiyyət kəsb etdi.Hazırda dövlətimizin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllində israr etdiyi bir zamanda da biz, din xadimləri də öz səylərimizi bu istiqamətdə davam etdiririk. Biz qarşılıqlı şəkildə dini-mənəvi abidələrin qorunması, əsirlərin qaytarılması, snayperlərin təmas xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və digər məsələlər üzrə razılığa gələrək xalqlar arasında etimad mühitinin yaranması işinə xidmət edirik. Məhz bu məramla 2010-cu ildə Bakı Sammiti çərçivəsində Moskva və bütün Rusiya Patriarxı Kirilin vasitəçiliyi ilə erməni katolikosu II Qareginlə görüşümüz baş tutdu. Həmçinin, İrəvanda MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısı çərçivəsində daha bir görüşümüz oldu. Bütün bu danışıqlarda niyyətimiz münaqişənin sülh yolu ilə həllinə yardımçı olmaqdır. Əgər bu danışıqlar, görüşlər az da olsa bu prosesə müsbət təsir etmək iqtidarındadırsa, biz onu davam etdirməliyik. Bu yaxınlarda erməni katolikosunun xahişi ilə Azərbaycanda olan erməni əsirlə görüşməyimin də məramı birgə bəyanatlarımızın ruhuna sadiqliyimizi əməldə nümayiş etdirmək idi. Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqlar azad olunanadək səylərimizi davam etdirməliyik. Bu, bizim Uca Yaradanımız, Vətənimiz, xalqımız qarşısında müqəddəs borcumuzdur."2013-cü il Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti yaddaqalan hadisələrlə zəngin olub"
- 2013-cü il başa çatmaq uzrədir. Qafqaz Müsəlmanları İdarəsinin dini mərkəz olaraq builki fəaliyyətini necə dəyərləndirirsiniz?- Başa çatmaqda olan 2013-cü ildə də Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti yaddaqalan hadisələrlə zəngin olmuşdur. Belə ki, bölgənin dini mərkəzi olaraq, hər zamankı kimi, bu il də bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, xaricdə keçirilən mötəbər tədbirlərin işində iştirak etmişik. Bu tədbirlərin hər biri özəl əhəmiyyət kəsb edən, dünyada cərəyan edən hadisələrə təsir qüvvəsi olan, öncül ideyaların gündəmə gətirildiyi məqamlardır. Bunların sırasında İran İslam Respublikası rəhbərliyinin dəvəti ilə İrana, habelə İordaniya Haşimilər Krallığına səfərlərim məhsuldar olub. Hər iki ölkənin rəhbərliyi ilə keçirdiyim görüşlərdə Azərbaycanla bu ölkələr arasında ənənəvi dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi yollarını, xalqlarımız arasında ümumi maraq və mənafelər naminə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etmişik.İl ərzində Qazaxıstanda və Ufada Beynəlxalq konfransların işində iştirak etmişəm, Qroznıda Beynəlxalq Sülhməramlı Forumun işinə qatılmış, habelə orada MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısını keçirmişik.Belarus Respublikasına bu yaxınlarda səfərim, möhtərəm Mitropolit Filaret həzrətləri ilə görüşüm, Belarus Pravoslav Kilsəsinin ali ordeni ilə təltifatım yaddaqalan məqamlardan oldu.O cümlədən, bildiyiniz kimi, bu il ölkəmizin mənəvi həyatında yaddaqalan hadisələrə şahidlik etmişik. Azərbaycanda dövlət başçımızın dəstəyi ilə Şamaxıda Cümə məscid kompleksinin yenidənqurmadan sonra möhtəşəm açılışını etdik. Beynəlxalq Tolerantlıq günündə Azərbaycanda yaşayan pravoslavlar üçün dini mədəniyyət mərkəzinin gözəl binasının açılışında birgə iştirak etdik.Məni bir Şeyxülislam, dini lider kimi çox sevindirir ki, son illər ərzində Azərbaycan dünyaya prioritet ideyalar ixrac edən, bütün bəşərə ünvanlı multikulturalizm ismarıclarının səsləndirildiyi məkana çevrilmişdir. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü və ideya müəllifliyi ilə Bakıda bir-birinin ardınca keçirilən Mədəniyyətlərarası və Humanitar forumlar Azərbaycanı dünya üçün dəyərli örnəyə çevirir. Bütün bunlar, Yaradanımıza xoş gələn əməllər dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin də fəaliyyətinə müsbət impuls verir.Biz hər zaman dinlərarası dialoq ideyasına sadiqliyimizi əməli fəaliyyətimizlə sübut etmişik. Biz Azərbaycanın təkcə Qafqaz bölgəsində deyil, fəqət bütün postsovet məkanında mənəvi liderliyini təmin etmək istiqamətində hər zaman səy göstəririk və bu işdə uğurlarımız da var. Azərbaycanlı olaraq, mənim MDB məkanının iki böyük dini qurumunun rəhbərliyində təmsil olunmağım - MDB Dinlərarası Şurasında Patriarx Kirillə bərabər həmsədr və MDB Müsəlmanları Məşvərət Şurasında isə sədr kimi fəaliyyətim, heç şübhəsiz ki, Azərbaycanın bu böyük coğrafiyada mənəvi liderliyinin təmini işinə xidmət edir, bu sahədə təşəbbüslərin ünvanı olaraq çıxış etməyimizə rəvac verir. 2010-cu ildə MDB Dinlərarası Məşvərət Şurasının xətti ilə Dini liderlərin Ümumdünya Sammitinin və bu ilin aprelində MDB Müsəlmanları Məşvərət Şurasının xətti ilə böyük beynəlxalq konfransın Bakıda keçirilməsi sıradan bir hadisələr deyil. Bunların hər biri Azərbaycan dövlətinin nüfuz və qüdrətinin təkcə iqtisadiyyat, siyasət sahələrini deyil, həm də mənəviyyat müstəvisini ehtiva etdiyini ortaya qoyan, sözünün keçərliliyini artıran məqamlardır.Bu ilin aprel ayında Bakıda "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda Beynəlxalq Konfrans keçirdik. Konfrans həm dövrümüzün mühüm çağırışlarına cavab verən Yekun sənəd - Bakı Bəyannaməsi, həm Konfransın mötəbər qonaqları ilə birgə Ümrə ziyarətində iştirakımız, həm də dövlət başçımız İlham Əliyev həzrətləri tərəfindən qəbulla yadda qaldı. MDB Müsəlmanlarının Məşvərət Şurası, habelə bu Şuranın təsis etdiyi "Dini mədəniyyətin inkişafı" Fondu bizim postsovet məkanında mövcud olmuş tarixi-dini-mənəvi əlaqələrimizin yeni siyasi reallıqlar şəraitində qorunub saxlanılması və xalqlarımızın mənafeyi naminə inkişaf etdirilməsi məramına xidmət edir.Təbii ki, biz bu sahədə işlərimizi davam etdiririk və gələcəkdə də irimiqyaslı beynəlxalq tədbirlər keçirmək əzmindəyik. Dövlətimizin dəstəyi ilə Bakı yaxın illərdə növbəti Dinlərarası Sammitin keçiriləcəyi məkan olar, inşallah. Biz, din xadimləri olaraq bunun üçün bütün mümkün səyləri göstəririk.Bu il də Qafqaz Müsəlmanları İdarəsində dünyanın tanınmış simaları ilə xeyli sayda görüşlər keçirilmişdir. Vatikan, Rus Pravoslav Kilsəsi kimi dünyanın dini mərkəzlərinin yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşlərimiz olub.Bu ilin özəl hadisələrindən biri, təbii ki, Azərbaycan Prezidentinin seçkiləri oldu. Biz dindarlar ən layiqli namizədə - dini, milli-mənəvi dəyərlərimizin himayədarı İlham Əliyevə səs verdik. Dindarların layiqli namizədə dəstək olması, ona səs verməsi siyasət deyil, "haqqı haqlıya vermək" məfkurəsidir. Müqəddəs ayeyi-şərifdə buyurulduğu kimi: "De: Allah insanları haqq yola yönəldir. Məgər doğru yola yönəldən kəs arxasınca getməyə daha çox layiq deyildirmi?" ( Yunis, 35).Mən çox şadam ki, biz Azərbaycan dindarları builki seçkilərdə öz seçimimizi müqəddəs Məkkədə etmək imkanına malik olduq. Bu analoqu olmayan hadisə bizə, Azərbaycan vətəndaşlarına Həcc ziyarəti zamanı qismət oldu. Azərbaycan dövlətinə olan ehtiramdan irəli gələn bu istisna hal nəinki bu ilin unudulmaz hadisəsi oldu, bəlkə də tarixdə ilk belə hal kimi yaddaşlara həkk olundu. Mən əminəm ki, müqəddəs məkanda etdiyimiz bu mühüm seçim Azərbaycan üçün, onun dövlət başçısı üçün daha artıq xeyirlərə vəsilə olacaqdır, inşallah!Ümumiyyətlə, hər il olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti bu il də zəngin və çoxşaxəli olmuşdur. İnşallah, gələn illə bağlı da xeyli gözəl təşəbbüs və xoş niyyətlərimiz vardır. Allah qismət eləsin, dini-mənəvi həyatımızın daha da inkişaf etdirilməsi yönündə işlərimizə rəvac versin! Qoy Uca Allah Azərbaycanımızda hər zaman əmin-amanlıq və tərəqqi bərqərar etsin, bu yolda gərgin fəaliyyət göstərən dövlət başçımıza hər zaman uğur bəxş etsin! Sizin Agentliyiniz vasitəsilə, bütün Azərbaycan xalqına öz xeyir-dualarımı yetirir, qarşıdan gələn yeni təqvim ili ərəfəsində ən xoş arzu və diləklərimi bildirirəm. Qələm əhli olaraq sizin Agentliyinizə də yeni uğurlar diləyirəm.Uca Allah Öz Mərhəmətini üzərimizdə qərar versin!
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !