Almaniyanın parlamenti Bundestaqda qondarma erməni soyqırımı layihəsinin qəbul edilməsi barədə müzakirələr təxirə salınıb.
ANS PRESS-in məlumatına görə, yerli "Der Spiegel” dərgisi bildirib ki, Bundestaqda fraksiyası olan partiyalar yekdilliklə həmin müzakirələrin qeyri-müəyyən vaxta qədər təxirə salınmasını qərarlaşdırıblar.
Hökumət partiyalarının xarici siyasət sözçüləri mövzunu şərh etməsələr də "Der Spiegel” öz mənbələrinə istinadən bildirib ki, qərarın qəbul edilməsində mühacir böhranının da rolu olub. Yəni, hökumət partiyaları bu mərhələdə Türkiyə ilə lazımsız gərginlik yaratmaq istəməyiblər.
Bu layihə ilin əvvəlində də Bundestaqda mübahisələrə səbəb olmuş, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyəyə olan hörməti səbəbindən "soyqırımı” sözünü işlətməmişdi. Prezident Yoahim Qauk isə bunun ziddi bir mövqe nümayiş etdirmiş, mühafizəkarların təzyiqləri nəticəsində "soyqırımı” demişdi.
Bundan əvvəl isə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) verdiyi qərar erməniləri hiddətləndirmişdi. AİHM İsveçrə məhkəməsinin, bir neçə il əvvəl "erməni "soyqırımı” olmayıb” – deyən türkiyəli siyasətçi Doğu Perinçek barəsində verdiyi həbs qərarını ləğv edib.
Bu bazar günü Almaniyanın kansleri Anqela Merkelin Türkiyəyə rəsmi səfəri gözlənilir. Səfər çərçivəsində Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşməsi planlaşdırılır. Görüş zamanı ölkə başçıları Ankarada törədilən terror, Avropaya miqrant axını və s. mövzuları müzakirə edəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !