Son illər Azərbaycanda, xüsusilə də paytaxt Bakıda atmosferə atılan tullantıların içərisində avtomobillərin payı artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı müşahidələr göstərib ki, əgər əvvəllər atmosferi daha çox sənaye müəssisələri çirkləndirirdisə, indi bu avtomobillərin üzərinə düşür. Bu isə ilk növbədə maşınların sayının artması ilə bağlıdır. 2007-ci ildən bəri ölkədə təkcə minik avtomobillərinin sayı az qala 2 dəfə artıb. Hazırda, ölkədəki 1 milyondan çox minik avtomobilinin yarıdan çoxu paytaxtın payına düşür. Bundan bizim payımıza düşən isə müxtəlif xəstəliklər və gələcək nəslin genefondunun məhv olmasıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentindən deyirlər ki, avtomobillərdən havaya daha çox dəm qazı, kükürd, azot birləşmələri və digər zərərli qazlar atılır. Xüsusilə küləksiz, durğun havalarda, tıxaclarda bu maddələr atmosferdə oksigen qıtlığının yaranmasına, insanlarda diskomforta səbəb olur. Uzun müddətli bir dövrdə isə bunun fəsadı daha ağır ola bilər. Ekoloqların fikrincə, vəziyyətin bu həddə çatmasına həm yanacağın tərkibi, həm də avtomobillərin nasazlığı təsir edir.Benzinin keyfiyyətinə təsir edən amillər onun tərkibində müxtəlif qatışıqların olmaması, tullantısız texnologiyalarla istehsal olunmasıdır. Avropada artıq Avro-6 standartı tətbiq olunduğu bir vaxtda ölkəmiz hələ gələn il Avro-3 standartının tətbiqinə hazırlaşır. Avro-4 və 5-in qəbulu üçün isə yeni emal zavodlarının tikilməsi gözlənilir.Ekoloqlardan fərqli olaraq, yol polisi problemin səbəbini daha çox benzində yox, texniki vəziyyətdə görür. Buna gündəlik nəzarətin mümkün olmadığını deyən, yol polisinin rəsmisi Kamran Əliyev bildirir ki, bu ildə bir dəfə texniki baxış vasitəsilə edilir, həmçinin şəhərin girişindəki ekoloji nəzarət bölüyünün əməkdaşları da nəzərə çarpacaq səviyyədə his və tüstü xaric edən avtomobilləri saxlayıb, cəzalandıra bilər. Ətraf mühiti çirkləndirməyə görə, 150 manat cərimədən başqa, hətta avtomobil istismardan çıxarıla bilər.“Bunu aradan qaldırmaq o qədər çətin bir şey deyil. Sürücülər özləri tez-tez texniki baxışdan keçməlidirlər”.Əslində zərərli tullantıları gözlə görünməyən düşmən də adlandırmaq olar. Bəlkə də bu maddələrin öz övladının, nəvələrinin genefonduna vurduğu ziyanı dərk etsəydi, insanlar heç bir cərimə, yol polisinin qorxusu olmadan, özləri avtomobillərinə nəzarət edərdilər. Tullantıların sağlamlığımıza zərəri isə danılmazdır. Təsadüfi deyil ki, son 5 ildə Azərbaycanda tənəffüs yollarının xəstəliklərinə yoluxan insanların sayı durmadan artır. Bu xəstəliklər sonradan sağalmaz vərəmə, xərçəngə çevrilir. Ölkəmizin inkişafından, tərəqqisindən danışdığımız bir vaxtda, avtomobil zəhərinin gələcəyimizi məhv etməsinə göz yummaq olmaz.
Bizi sosial şəbəkələrdə izləyin !