Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Magistratura pilləsinin yaranması ilə bağlı müzakirələr aparılır.AMEA-nın vitse-prezidenti İsa Həbibəyli APA-ya açıqlamasında bildirib ki, akademiya rəhbərliyi bu istiqamətdə ölkənin müvafiq qurumları ilə danışıqlar və yazışmalar aparır. Onun sözlərinə görə, aparılan müzakirələr və yazışma əlaqələri onu göstərir ki, akademiya bu il magistratura təhsilinə ilkin olaraq başlaya biləcək: “Akademiyanın magistratura pilləsinə qəbul imtahanları vahid imtahan qaydalarına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. İmtahanların hansı qurum tərəfindən aparılması ilə bağlı müzakirə aparıla bilməz. Çünki ölkədə bütün imtahanlar vahid qaydada keçirilməlidir. AMEA magistratura pilləsinə də qəbul TQDK tərəfindən həyata keçiriləcək”. İ. Həbibbəyli qeyd edib ki, akademiya doktorantura təhsilinin keyfiyyətini artırmaq, bura yeni nəslin cəlb olunmasını təmin etmək üçün ilk öncə magistratura təhsili verməkdə maraqlıdır. AMEA vitse-prezidenti bildirib ki, magistratura pilləsinin yaradılması həqiqətən də akademiyaya gənclərin gəlməsində əhəmiyyət kəsb edə bilər: “AMEA magistratura pilləsinin yaradılması hazırda müzakirə prosesindədir. Müzakirələr yekunlaşandan sonra magistratura pilləsinin yaranması, bura qəbulun nə zaman və hansı qaydalar əsasında həyata keçirilməsi barədə yekun qərar veriləcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !