Sabahdan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanları başlayır.AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov APA-ya açıqlamasında deyib ki, imtahanlar yanvarın 8-dən 29-dək davam edəcək. Onun sözlərinə görə, imtahanlar bu müddət ərzində qeyri-iş günlərini çıxmaq şərti ilə hər bir institutun özünün müəyyənləşdirdiyi vaxtda təşkil olunacaq: “İmtahanlar 3 mərhələdə keçiriləcək. Bu mərhələlərdə namizədlər xarici dil, fəlsəfə və ixtisas fənlərindən imtahan verəcəklər. Həmin mərhələlərin bir və ya bir neçə gündə keçirilməsi barədə dəqiq məlumat yoxdur. Bu, hər bir institutun imtahan mexanizminə əsasən icra olunacaq”. S.Hüseynov qeyd edib ki, ümumilikdə bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib: “Elmlər doktoru hazırlığı üzrə və dissertanturaya sənəd qəbulu barədə isə dəqiq məlumat yoxdur. Bu proses hər institutun özündə aparıldığından, sənəd verənlərin sayı dəqiq bilinmir”. İmtahanlar başa çatandan sonra AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlaya bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !