“Qətldə ittiham olunan şəxs bu cinayəti törətdiyini tam şəkildə etiraf edib”.
Azərbaycanın ABŞ-dakı səfirliyinin diplomatları Massaçustes ştatında seksual manyak tərəfindən öldürülən və cəsədi oğurlanan 23 yaşlı azərbaycanlı qıza görə bu ştatın prokuroru ilə görüşüblər.
Oxu.Az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev verib.
“Prokuror azərbaycanlı diplomatları ABŞ-da yaşayan Azərbaycan vətəndaşının qətl işi ilə bağlı ətraflı məlumatlandırıb və qeyd edib ki, qətldə ittiham olunan şəxs bu cinayəti törətdiyini tam şəkildə etiraf edib”, - deyə XİN rəsmisi bildirib.
E.Abdullayev əlavə edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan vətəndaşı, 23 yaşlı Evelin Vəlibəyovanın amansızlıqla qətlə yetirilməsi işini nəzarətə götürüb. XİN rəsmisinin sözlərinə görə, səfirlik bu cinayət işi ətrafında gedən prosesləri diqqətdə saxlamaqda davam edəcək: “Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının maraqlarının müdafiəsində durur”.
Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycan vətəndaşı E.Vəlibəyovanın Massaçusets ştatında yaşadığı evdə əvvəllər 9 yaşlı qızı oğurlayaraq zorlamağa və amansızlıqla öldürməyə görə uzunmüddətli həbsə məhkum edilmiş 52 yaşlı seksual manyak tərəfindən öldürülməsi, cəsədinin isə oğurlanması barədə ilk dəfə virtualaz.org saytı “The Boston Globe” nəşrinə istinadən yazıb.
Həmin yazıda cinayətin təfərrüatları və qatilin 2 il yarımdan sonra necə müəyyən edilməsi barədə geniş bəhs olunur.
ANN.Az