ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, keçmiş SSRİ üzrə məşhur amerikalı analitik, Vaşinqtondakı Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son situasiyanı, eləcə də Rusiyanın bölgədəki ssenarilərini şərh edib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, P.Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində indiyə kimi fundamental irəliləyişin olmadığını deyib.
ATƏT-in Minsk qrupunun 1992-ci ildən prosesə cəlb edildiyini xatırladan analitik qeyd edib ki, danışıqlar prosesində irəliləyişin olması üçün hər iki tərəf real yol xəritəsini qəbul etməlidir: “Hər iki paytaxtda güc yolu ilə qələbəni dəstəkləyirlər. Ukraynadakı zorakı əhval-ruhiyyə də buna zəmin yaradır. Bu başqa ölkələrdə insanların problemi həll etmək üçün güc yolunu seçməyə nümunədir. Hesab edirəm ki, bundan sonra danışıqları irəliyə aparmaq istiqamətində həm Ermənistanda, həm də Azərbaycanda məyusluq var. Putinin cəhdlərinə gəlincə, bu yeni deyil. Sadəcə olaraq, danışıqların mərkəzində Rusiyanı saxlamaq cəhdidir. Bir tərəfdən, Rusiya düşünür ki, Fransa və ABŞ bölgəyə daxil olur. Moskvada isə çoxları Cənubi Qafqaz regionunu Rusiyanın hökmranlığına daxil olan bölgə hesab edir. Digər tərəfdən, Putin Ukrayna böhranı və Krımın ilhaqının Qərblə Rusiya arasında yaratdığı gərginlik fonunda münaqişədə Rusiyanın rolunu yüksəltməyə çalışır”.
Amerikalı analitik yaxın vaxtlarda yeni sıçrayışın olacağına ümid edir. O, zorakılığın da başa çatacağına inanır və münaqişənin həlli üçün tərəflərin məsuliyyəti üzərlərinə götürməli olduğunu qeyd edir.
P.Qobl bildirib ki, Rusiya Minsk qrupu formatını zəiflətməyə çalışır: “Qərb bunu anlayır. Lakin bu Minsk qrupunun mövcudluğuna son qoyulması deyil. Sadəcə olaraq əgər danışıqlarda irəliləyiş olacaqsa, bu Minsk qrupu formatında olmayacaq. Bununla da Rusiya Ukrayna böhranı ilə əlaqədar qarşıdurmada Qərbi üstələyir. Təbii ki, Rusiyanın münaqişə təcrübəsi var. Münaqişəni yaradır və özü də həll edir. Lazım gələrsə, müharibə törədir. Ümid edirəm ki, Azərbaycan və Ermənistan buna getməyəcək. Hərbi gücün tətbiqi gələcəkdə digər təhlükələrə də yol aça bilər. Proseslər bu istiqamətdə inkişaf edərsə, münaqişəyə Rusiya ilə yanaşı İran da cəlb ediləcək. Yəni müharibə olarsa, Rusiya və İran Azərbaycanda etnik separatizmi qızışdıracaq. Fikrimcə, tərəflər bunları nəzərə alaraq müharibəyə getməyəcək”.
Amerikalı analitik hesab edir ki, Rusiya Azərbaycan üzərində təsirini genişləndirmək, beləliklə də Cənubi Qafqazı əldə saxlamaq istəyir: “Bir ağıllı insan söyləmişdi ki, Rusiya Cənubi Qafqaza “Gürcüstan yol, Ermənistan vasitə, Azərbaycan mükafatdır” formatında baxır. Moskva Ermənistandan istifadə etdi. Lakin Azərbaycan mövqeyini birbaşa Rusiya ilə eyniləşdirsə, əminəm ki, Moskva Yerevanı bir kənara tullayacaq. Hazırda isə Cənubi Qafqazı əldə saxlamaq üçün Moskva Ermənistandan istifadə edib bölgədə münaqişəni yenidən qızışdıra bilər”.
ANN.Az