“Kürdlər, iraqlılar və Suriyalı müxaliflər yerüstü əməliyyatlara qatılmalıdır”
“The Associated Press”in xəbərində deyilir ki, ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində İŞİD ciddi çətinliklərlə üzləşib. Xüsusən Suriyada bu terrorçu təşkilat böyük itkilər verib. Ancaq İŞİD-i məhv etmək üçün təkcə hava zərbələri yetərli deyil. Bu barədə amerikalı general Martin Dempsi agentliyə açıqlamasında deyib. General onu da vurğulayıb ki, İraq və Suriya problemini çözmək üçün siyasi həll tapılmalıdır, bundan başqa isə həmin ölkələri terrorçulardan təmizləmək üçün yerüstü hərbi əməliyyatlara da ehtiyac var.
Amerikalı generalın hesablamasına görə yerüstü əməliyyatları keçirmək üçün Suriyanın mötədil müxalifətindən 15 min nəfərlik döyüşçü lazımdır.
Sentyabrın 26-da isə İraqdakı İŞİD mövqelərinə Böyük Britaniya da hava zərbələri endirməyə başladı. Fransa isə artıq bu cür əməliyyatlara qoşulmuşdu. Belçika və Danimarka bu kimi əməliyyatlara qoşulmağa hazır olduqların bəyan ediblər.
Pentaqonda çıxışı zamanı cənab Dempsi bəyan edib ki, İŞİD Suriyadakı hücumlardan sonra öz döyüşçülərinə rəhbərlik və nəzarət imkanlarını xeyli dərəcədə itirib. Onların müxtəlif təyinatlı yüklərlə də təminatında boşluqlar yaranıb.
General İraq və Suriyada İŞİD-ə hava zərbələri endirməyin vacibliyini vurğulasa da yerüstü əməliyyatlara ABŞ hərbçilərinin qatılma ehtimalını belə rədd edib.
“İŞİD-ə qarşı ən effektli güc kürdlərdən, iraqlılardan və Suriyanın mötədil müxalifətçilərindən ibarət ola bilər. Onlar bir yerdə İŞİD-i məhv edə bilərlər”, general deyib.
Agentlik xatırladır ki, İŞİD-ə qarşı bir çox ərəb ölkələri də daxil olmaqla 40 dövlət bir araya gəlib və bu koalisiya genişlənməkdədir. (Musavat.com)
ANN.Az