Analoq yayımın dayandırılma tarixi açıqlandı

11:21 | 06.09.2014
Analoq yayımın dayandırılma tarixi açıqlandı

Analoq yayımın dayandırılma tarixi açıqlandı

Azərbaycanda analoq televiziya yayımı 2015-ci il yanvarın 1-dən dayandırılacaq. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə görə, Azərbaycan göstərilən dövrdə rəqəmsal yayım formatına keçmək üzrə üzərinə öhdəlik götürmüş ölkələrdən (onların sayı 20-dən çoxdur) biridir: "Rəqəmsal yayıma keçid prosesi çətin vəzifədir, çünki əhalinin rəqəmsal dekoderlərlə təmin edilməsi məsələsində hələ qeyri-müəyyənlik qalır. Hazırda bazardakı vəziyyəti öyrənmək üçün araşdırma aparılır. Daha əvvəl bu prosesə (əhalidə dekoderlərin olması) yerli özünüidarəetmə orqanları da cəlb edilmişdi, lakin onların araşdırmaları istənilən nəticəni vermədi". Buna görə də daha səmərəli qiymətləndirmə metodunun tətbiq edilməsi barədə qərar qəbul edilib. Belə ki, müəyyən rayon mərkəzlərində (əsas əhalinin kompakt yaşadığı yerlərdə) analoq ötürücü aparatlar müvəqqəti (2-5 saat) bağlanıldı. Bunadək həmin yaşayış məntəqələrində maarifləndirmə işləri aparıldı. Mənbə deyib ki, belə metodun tətbiqində əsas vəzifə əhalinin reaksiyasını öyrənmək idi: "Diqqətəlayiq haldır ki, analoq siqnalın dayandırılması rəqəmsal paketin dayandırılması dövrü ilə müqayisədə o qədər də kəskin əks-səda doğurmadı. Analoq siqnal dayandırıldığı zaman həmin yerə mütəxəssislər göndərilir. Onlar rəqəmsal yayım formatına keçidin zəruriliyi və üstünlükləri barədə ətraflı məlumat verirlər, çünki yeni yayım standartına keçid gec-tez baş verəcək və əhali bu dəyişikliklərə hazır olmalıdır". Əhalinin az olduğu ayrı-ayrı yaşayış məntəqələrinə gəlincə, həmin ərazilərdə ötürücü aparatların quraşdırılması səmərəli deyil. Bu yaşayış məntəqələrinin sakinləri peyk antenalarından istifadə etməklə TV kontentə qoşula bilirlər. 

Hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti