Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

17:57 | 26.05.2014
Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda hökm elan olunub. Hökmə əsasən, Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib. Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə  3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib. Qeyd edək ki, dövlət ittihamçısı Anar Məmmədlinin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, sonuncu iki şəxsin məhkəmə zalında həbs olunmalarını istəmişdi. Baş Prokurorluğun mətbuat xidmətinin A.Məmmədli barədə yaydığı məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxilolmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib.İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.  Bundan sonra Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163 250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109 529 manat məbləğində gəlir əldə olunmaqla Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19 535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur. Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan, təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb