Anar Niftəliyev baş prokurora müraciət göndərib

16:03 | 20.11.2013
Anar Niftəliyev baş prokurora müraciət göndərib

Anar Niftəliyev baş prokurora müraciət göndərib

Bakıdakı “MediSina” klinikasında əməliyyata hazırlıq zamanı vəfat etmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev baş prokurora müraciət edib. O yazır: “Hörmətli Zakir müəllim! Oktyabrın 2-də prezident İlham Əliyevə ünvanladığım müraciətin bir surəti də Sizə göndərilib. Həmin müraciətdə həyat yoldaşım Elnarə Tofiq qızı Niftəliyevanın “MediSina” klinikasında həkim terroru nəticəsində öldürülməsindən yazmış və sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda bu ölüm faktı ilə bağlı açılmış cinayət işini nəzarətinizə götürməyi həm də Sizdən xahiş etmişdim.

 

Anar Niftəliyev  

   

Təəssüf edirəm ki, aradan ay yarımdan da artıq vaxt keçməsinə baxmayaraq mənə müraciətimlə bağlı Baş Prokurorluqdan heç bir cavab gəlməyib. Amma mən surəti Sizə ünvanlanmaqla prezidentə heç də təsadüfən müraciət etməmişdim və bu cinayət işini nəzarətinizdə saxlamağınızı əbəs yerə xahiş etmirdim.

Məlumat üçün bildirim ki, Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkim-cərrahı Fərəcullah İdrisov mənim ona inamımdan sui-istifadə edərək tamah məqsədi ilə heç bir zəruri ehtiyac olmadan həyat yoldaşım Elnarə Niftəliyevanın cərrahiyyə əməliyyatı olunmasına məni inandırmış və Mərkəzi Hərbi Klinik Hospitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və anestezioloq Firuz İbrahimovla birlikdə “MediSina” klinikasında cərrahiyyə əməliyyatı aparmışlar.

Sentyabrın 20-də “MediSina” klinikasında əməliyyat zamanı həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, ədəbi-tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən – daha doğrusu, həkim terrorundan dünyasını dəyişmişdir. Xatırladıram ki, mənim 8 və 2 yaşında olmaqla iki qızım var.

Həmin gün Məhkəmə-Tibb Ekspertizası və Tibbi Anatomiya Birliyində ekspertiza aparıldı və ekspertizanın ilkin rəyində “nəfəs çatışmazlığı” göstərildi. Hazırda ekspertizanın yekun rəyi də artıq ictimaiyyətə təqdim olunub və ilkin rəy təsdiqlənib. Əməliyyat zamanı nəfəs çatışmazlığının birbaşa həkim səhlənkarlığından və məsuliyyətsizliyindən olduğunu isə izah etməyə heç bir ehtiyac yoxdur.

İndi tibbi ekspert komissiyası təşkil olunub və həkimlərin hansı səviyyədə günahkar olduğu müəyyənləşdirilir.

Ancaq yuxarıda dediyim fikrə bir daha qayıdaraq bildirirəm ki, ekspertiza keçirildiyi və istintaq getdiyi zaman mənim Azərbaycan prezidentinə və Sizə müraciət etməyim təsadüfi deyildi. Çünki Nəsimi Rayon Prokurorluğunda istintaqın gedişi heç bir halda məni qane edə bilməzdi.

İki aya yaxındır davam edən istintaq zamanı yalnız bircə dəfə mənim ifadəm alınmaq üçün prokurorluğa dəvət edilmişəm. Daha sonra mənimlə heç bir əlaqə saxlanılmayıb. Hər dəfə öz təşəbbüsümlə edilən müraciətlər isə qulaqardına vurulub.

İstintaq indiyə qədər cərrahiyyə əməliyyatına heç bir ehtiyac olmadan əməliyyata qərar verilməsinin, əməliyyat zamanı narkoza heç bir ehtiyac olmadan, narkozdan istifadə edilməsinin səbəbini aydınlaşdırmağa cəhd etməyib. Həmçinin istintaq hələ də müəyyənləşdirməyib ki, “MediSina” klinikasına onkoloji əməliyyat aparılmasına Səhiyyə Nazirliyi tərəfindən icazə verilmədiyi halda niyə bu əməliyyat orda aparılıb və bunun məsuliyyətini kim daşıyır? Həkimlər belə bir əməliyyata özəl klinikalarda icazə verilmədiyi barədə məni niyə məlumatlandırmayıblar və niyə bizi aldatmaqla, bu qətli törədiblər?

Bu cinayətdə təkcə “həkim səhlənkarlığı və məsuliyyətsizliyi” deyil, həm də tamah məqsədi ilə insanın aldadılması, cərrahiyyə əməliyyatına cəlb edilməsi və onun öldürülməsindən söhbət gedir. Ancaq Nəsimi Rayon Prokurorluğunda qaldırılan cinayət işində istintaq hərəkətləri aparılmadığından yalnız “həkim məsuliyyətsizliyi” əsas götürüldüyündən, tibbi ekspert komissiyasının rəyini gözləməklə əslində hərəkətsizliklə məşğuldurlar.

Hörmətli Zakir müəllim!

Məndə olan səhih məlumata görə, Nəsimi Rayon Prokurorluğunda bu cinayət işinin artıq hansı axarla yekunlaşdırılacağı barədə qərar verilib. Belə ki, Nəsimi Prokurorluğu Fərəcullah İdrisov (cərrah-həkim), Mahir Məmmədov (onkoloq-cərrah) və Abbas Bağırovla (“MediSina” klinikasının baş həkimi) razılaşmaya gediblər və ölümün bütün məsuliyyətini anestezioloqun üstündə cəmləşdirmək niyyətindədir. Bu faktın təsdiqi kimi həkimlərdən yalnız birinin – anestezioloq Firuz İbrahimovun vəkil tutduğunu, digərlərinin isə heç bir müdafiəyə ehtiyac görmədən, əksinə, “biz artıq istintaqla razılaşmışıq” deyərək həkim fəaliyyətlərinə davam etdiklərini göstərmək olar.

Bu faktı Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, istintaq qrupunun rəhbəri Ələkbər Rzayev də gizlətmir və söhbətlərimizdə istintaqın bu sonluqla bitəcəyinə indidən zəmin hazırlamaqla məşğuldur.

Hörmətli Zakir müəllim!

Deyilənləri nəzərə alaraq Nəsimi Rayon Prokurorluğunda başlayan bu cinayət işi ilə bağlı məndə olan məlumatların yoxlanılması, Elnarə Niftəliyevanın ölümünə görə başlanan cinayət işini araşdıran istintaq qrupunun indiyə qədər gördüyü işlərin qiymətləndirilməsi və istintaqın hərəkətsizliyinin səbəblərinin aydınlaşdırılması, tamah məqsədi ilə öldürülən bir ANAnın qanının məhz tamah məqsədi ilə batırılması istəklərinin mövcud olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi göstəriş verməyinizi və ümumiyyətlə, cinayət işini birbaşa öz nəzarətinizə götürməyinizi Sizdən növbəti dəfə, israrla xahiş edirəm”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM