Bakı Slavyan Universitetinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı əməliyyatda iştirak edən həkimlərin açıqlamalarına cavab olaraq mərhumun həyat yoldaşı Anar Niftəliyev səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Müraciətdə deyilir:“Hörmətli cənab nazir!Artıq məlumunuz olduğu kimi, həyat yoldaşım, ədəbi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızı (Niftəliyeva) 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi üzündən dünyasını dəyişib və faktla bağlı 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.Sentyabrın 20-də Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində verilən ilkin, daha sonra yekun və komisyon ekspertizanın rəyində ölümün səbəbi kimi “nəfəs çatışmazlığı” göstərilib. Dekabrın 26-da isə Səhiyyə Nazirliyindən Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işinə əlavə olunması üçün göndərilən rəydə bildirilir: “E.Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, E.Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilmişdir”.Bütün ekspert qənaətləri bir daha təsdiqləyir ki, bu ölüm həkim səhlənkarlığının nəticəsi və həkim qətliamıdır.Hörmətli cənab nazir!9 yanvar 2014-cü il tarixdə E.Tofiqqızının ölümünə bais olan həkimlərdən biri – Firuz İbrahimov APA informasiya agentliyinə açıqlamasında ölkənin baş ankoloq və anestezioloq-reanimatoloqları da daxil olmaqla, ekspertlərin verdiyi bütün rəyləri şübhə altına aldığını və əməliyyatın doğru keçdiyini bildirir, günahsızlığını sübut eləmək kimi absurd iddiaya düşür.Əgər bir həkim bütün Azərbaycan səhiyyəsi mütəxəsislərinə meydan oxuyurcasına doğru etdiyini bildirirsə və onun doğru bildiyi üsul insan ölümünə səbəb olursa, hardan əminlik var ki, bu həkim adına ləkə olası Firuz İbrahimov sabah yenə “doğru bildiyini” etməyəcək və nəticədə yenə növbəti qətllərin baiskarına çevrilməyəcək?Bu həkim və bununkimilər yanlışlıqlarını etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışırsa, vicdanını itirmiş belələrinin sayəsində Azərbaycan səhiyyəsinin hansı uçurum qarşısında olduğunu təsəvvür etmək çətin deyil.Hörmətli cənab nazir!Əvvəlki məktubumda da Sizə müraciətlə, heç olmasa, istintaq müddətində qətli həyata keçirən hər üç həkimin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını xahiş etmişdim. Çünki Baş Prokurorluq istintaq müddətində bu səlahiyyətə sahib deyil, bu hüquqi səlahiyyətlər yalnız Səhiyyə Nazirliyinə və şəxsən Sizə aiddir.Ancaq təəssüf ki, Səhiyyə Nazirliyi “əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində nöqsanlara yol verdiyini” bildirdiyi həkimlər - onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Klinik xəstəxananın onkoloqu), Fərəcullah İdrisov (Topçubaşov adına Elmi-Təhqiqat Klinik xəstəxanası) və Firuz İbrahimov (1 saylı Şəhər Klinik xəstəxanası) heç nə olmamış kimi öz fəaliyyətlərini davam etdirirlər və Səhiyyə Nazirliyi öz rəyinə uyğun olaraq onlar haqqında hər hansı ölçü götürmür.Xatırladıram ki, əməliyyatda iştirak edən hər üç həkim heç bir yanlışlığa yol vermədiklərini isbatlamağa cəhd də edirlər və Azərbaycan səhiyyəsinin mütəxəsislərinin ümumi rəyini vecə almamaqda israrlıdırlar. Bunlar vicdansız, xəstədən yalnız pul qazanmaqdan başqa heç nə düşünməyən, etdikləri yanlışlıqları dərk etməyəcək səviyyədə savadsız adamlardır. Bu şəxslərin Azərbaycan səhiyyəsində mövcudluğunun bizə hansı faciələrə səbəb olduğunu izah etməyə isə heç bir ehtiyac yoxdur.Necə ola bilər ki, bu qədər yeni, müasir xəstəxanalar tikildiyi və ən yeni tibbi avadanlıqlarla təchiz edildiyi halda Azərbaycan səhiyyəsində həkim terroru hökm sürür, insanlarımız xarici ölkələrə, o cümlədən İran kimi dünyadan təcrid olunmuş ölkənin xəstəxanalarına axışır?Bunun bir səbəbi də bu cür yanlış diaqnoz və əməliyyatlarla canımızı alan həkimlərin özlərinə arxayınlığı, cəzasız qalacaqlarına əminlikləri, Azərbaycan səhiyyəsinin mütəxəsislərinə meydan oxuyub, yenə də Azərbaycan səhiyyəsində işləməkdə davam etmələri və yeni-yeni potensial qətllərə psixoloji olaraq hazır olmalarıdır.Hörmətli cənab nazır!Bu cür düşüncə ilə yaşayan və “həkim terroru” kimi ifadəni gündəmdə saxlayan savadsız və vicdansız həkimlərdən 3 nəfərinin kimliyi Sizin gözünüz önündədir. Onların istintaq başa çatana qədər fəaliyyətlərinin məhdudlaşdırılmasına nə mane olur? Onlara bu ölkənin səhiyyəsinin əsas mütəxəsislərinin rəylərinə meydan oxumağa layiq səviyyədə toxunulmazlıq hüququnu kim verib? Bu qatil həkimlər hansı imtiyazlarla qətl törətdikdən sonra Səhiyyə nazirliyinin və işlədikləri xəstəxana rəhbərlərinin heç bir reaksiyasını hiss etməməlidirlər?Onlara qarşı ölçü götürülməməsinin səbəbi nədir?Hörmətli cənab nazir, həkim adına layiq olmayan bu “həkimlərin” potensial qətllərinin qarşısının alınması üçün səhiyyəmizin ləyaqətini qoruyan bir şəxs kimi peşəkar qərar verməyinizi Sizdən xahiş edirəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !