ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkəmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyiblər.
İstiPress xəbər verir ki, bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev "Ölkə.Az”a verdiyi müsahibəsində bildirib.
"ANS-in bağlanması ilə millətin çoxu barışmır. Bizim çox böyük ümidlərimiz var ki, ANS yenidən fəaliyyətini bərpa edəcək. Bu kanal Azərbaycanın ayrılmaz parçası və tarixidir. ANS həmişə Azərbaycan xalqının yanında olub. Müəyyən baş verən hadisələri çıxmaq şərtilə, biz öz fəaliyyətimizi davam etdiririk. Xalqımıza və dövlətimizə qulluq edirik. "Mismarı mıx edən Allah var”. İnşallah ki, ANS-in açılmağını istəyən insanlar da öz istəklərinə çatacaqlar”, - deyə V.Mustafayev bildirib.
Qeyd edək ki, sosial şəbəkəlrədə bəziləri ANS kanalı yenidən fəaliyyətə başlasa da, artıq əvvəlki kimi dəqiq, obyektiv və qərəzsiz işləməyəcəyi barədə fikirlər yazırlar. Vahid Mustafayev həmin fikirlərin kökündən yalnış olduğunu deyir:
"Mən belə sözlərin təbiətini anlamıram. Yəni biz fəaliyyət nöqteyi-nəzərindən bu günki digər kanallar kimi olsaydıq, yəqin ki, vəziyyətimiz belə olmazdı. İndiyə qədər də bağlı qalmazdıq. Fəaliyyətimiz Azərbaycan xalqına, dövlətinə qulluq olub. Həmişə bu amilə qulluq etmişik. Həmişə də bu aspektdə çalışacağıq. Düşünürəm ki, bu bir tarixi hadisədir”.
V.Mustafayev kanalın gələcək taleyilə yanaşı ANS-in bağlı qalan arxivinin də qaranlıq olduğunu deyir:
"Azərbaycanın müasir tarixinin video arxivi ANS-dədir. Biz onu 25 ildir qorumuşuq. İndi isə həmin arxivin də taleyi ANS-in taleyi kimi müəmmalı olaraq qalıb. İnşallah ANS-in taleyi həll olunan kimi, arxivin də taleyi həll olunar. Bugünkü vəziyyət bizdən asılı deyil. İmkanlarımız hazırda çərçivə daxilindədir və həmin çərçivədən çıxa bilmirik. Hazırda arxiv doğurdan da acınacaqlı vəziyyətdədir. Bütün yayı kondisionersiz, havalandırma sistemi olmadan keçdi. Hətta imkanımız olmadı ki, arxivin vəziyyətinə baxaq. Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik. Yaranan gündən, gözləyirik ki, bizi nə zaman bağlayacaqlar. Müxtəlif dövrlərdə, müxtəlif qurumlarla işləmişik. Həmişə bilmişik ki, hansısa qüvvələr bizə qarşı kin bəsləyir. Çalışmışıq həmişə obyektiv olaq və qərəzsizliyimizi saxlayaq. Bu səbəbdən də, həmişə arxivin bağlı qalma ehtimalını nəzərə alaraq. Onun zərər görməməsi üçün müəyyən tədbirlər görmüşük. Ümid edirik ki, gördüyümüz bu tədbirlər nəticəsiz olmayacaq”.
Azərbaycan kanallarında Qarabağ mövzusunda verlişlərin yayımlanmaması məsələsinə gəlincə, Vahid Mustafayev bunu həmin şirkət rəhbərlərinin bu sahədə az məlumatlı olması ilə əlaqələndirdi:
"Söhbət məhz Qarabağdan və bizim müharibəmizdən gedirsə, ola bilsin ki, bu insanlar həmin hadisələrdə iştirak etməyiblər. Ümumiyyətlə onların bu hadisələrdən xəbəri yoxdur. Ola bilər ki, xəbərsiz olduqlarından, müharibədə dost-qardaşlarını itirmədiklərindən, bu mövzuya laqeyd yanaşırlar. Çox təəssüf olsun”.
Bu məsələdə biznes maraqlarına gəlincə, V.Mustafayev həmin verilişlərin tamaşaçılar tərəfindən baxılmaması fikirlərinin səhv olduğunu düşünür:
"Düşünmürəm ki, vətənpərvər verilişlərə Azərbaycan xalqı baxmır. Sözsüz ki, baxır. Sadəcə olaraq bu onların istiqamətidir. Bu bir yoldur ki, onun yolçusu olasan. Məsələn ciyəri yanıb, su içmək istəyən adam heç vaxt "Coca-Cola” içməz. Çünki bu onu daha çox yandıracaq. Bizim üçün Qarabağ və vətənpərvərlik mövzusu daha asan idi. Çünki özümüz müharibədən çıxmışıq. Həm də, bu bizim üçün çox vacib idi. Ona görə ki, gecə də yuxularımızda yanımızda güllədən yıxılıb ölənləri, şəhidlərimizi görürük. Yaralıları görürük. Biz özümüz həmin döyüşlərdə yaralar almışıq. Həmin odun içindən çıxmışıq. Çox təəssüf olsun ki, hazırda vacib mediada olan insanların çoxu bu mövzudan xəbəri yoxdur. ANS kanalının da olmadığı bir dövrdə təhlükə var ki, bu mövzu yavaş-yavaş unudulsun. Biz İrəvan xanlığını, Zəngəzuru itirdik. Belə davam etsə, ANS kimi kanal, bu müharibəni görən və torpaqlarımızın uğrunda vuruşan adamlardan ibarət hansısa media qurumu olmasa, böyük bir ehtimalla illərlə yavaş-yavaş Qarabağ da mövzu olaraq gündəmdən çıxa bilər”.
V.Mustafayev son olaraq əlavə edib ki, nə qədər mətbuatdadır Qarabağ mövzusunu daim işıqlandıracaq:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !