"Aparıcılar öz üzərlərində daha çox işləməlidirlər"

16:58 | 01.06.2015

"Aparıcılar öz üzərlərində daha çox işləməlidirlər"

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Teleaparıcılar üçün iki həftəlik treninqlər"in yekununa həsr olunan "dəyirmi masa" keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev, Milli Televiziya və Radio Şurasının nümayəndəsi Həyat Şamıyeva, İnstitutun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli, təlimçilər, treninqə qatılan teleradios əməkdaşları iştirak ediblər.

Tofiq Hacıyev bildirib ki, dilin informativ, estetik, ideoloji funksiyalarının pozulması daha çox KİV-də özünü göstərir: "Bunun üçün aparıcılar öz üzərlərində daha çox işləməlidirlər".

Onun sözlərinə görə, bu işlə davamlı məşğul olunmalıdır: "Bunun əsasını təbliğat təşkil edir. Dili təbliğ etmək hər birimizin borcudur. Treninqdə iştirak edən jurnalistlərin topladıqları təcrübəni digər həmkarları ilə bölüşmələri vacibdir".

Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, iştirakçılara Azərbaycan dilinin ədəbi qaydaları, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və başqa mövzuların izahları verilib: "İki həftə davam edən treninqdə ATV, İTV, Xəzər, Region, ANS, Lider və Space telekanallarının aparıcı və diktorları iştirak ediblər. Treninqdə Dilçilik İnstitutunun alimləri müxtəlif mövzularda mühazirələr oxuyublar. Burada dərslik əsasında deyil, xüsusi proqram tərtib edilərək dərslər keçirilib. Gələcəkdə də bu istiqamətdə işlər davam edəcək".
MTRŞ-nın nümayəndəsi çıxış edərək treninqin əhəmiyyətindən və treninq zamanı ortaya çıxan çətinliklərdən danışıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti