2023-cü ildə fermerlərə 77 milyon manat kredit ayrılıb

15:44 | 30.11.2023
2023-cü ildə fermerlərə 77 milyon manat kredit ayrılıb

2023-cü ildə fermerlərə 77 milyon manat kredit ayrılıb

2023-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün fermerlərə 77 milyon manat kredit ayrılıb. Bunu Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdürü İsmayıl Hüseynov bildirib. 
 
"Güzəştli kredit mexanizmində aqrar sektorun payını desəm, ola bilər ki, bu bankların təqdim etdiyi məhsullarda da eynidir. Bizdə indiyə qədər ayrılan  kreditlərin təxminən 70%-i, cari ildə isə 55%-i aqrar sektorun payına düşür. Cari ildə 147 milyon manat kredit verilibsə, bunun 77 milyon manatı məhz aqrar sektorun, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə ayrılıb. Əhalinin məşğuliyyətini nəzərə alsaq, xüsusilə regionlarda bankların fermerlərə təklif etdiyi mexanizmdə aqrar sektorun, kənd təsərrüfatının üstünlüyü daha çox olacaq”, - Hüseynov "Fermerlərin  dəstəklənməsi və dövlət-özəl sektoru ilə əməkdaşlığı" mövzusunda keçirilən tədbirin panel müzakirəsi zamanı deyib.
 
Şöbə müdürü bildirib ki, banklar fermerləri biznes kreditləri ilə təmin edir.
 
"Banklar fermerlərin maliyyə dəstəyinə ehtiyacı varsa, dövlətin təqdim etdiyi güzəştli maliyyə dəstəyi mexanizmlərindən əlavə biznes kreditləri ilə təmin edir. Bizə fermerlərdən, sahibkarlardan gələn sual o istiqamətdə olur ki, banklar niyə dövlətin dəstəyi ilə yəni aşağı faizli kredit yox məhz biznes kreditləri təklif edirlər? Bu əslində  banklardan kənd təsərrüfatına kifayət qədər dəstəyin olduğuna sübutdur”, - o qeyd edib.
 
2023-cü ilin yanvar-oktyabrında ötən ilin eyni dövrü ilə müqaysidə kənd təsərrüfatının istehsalı 3%. O cümlədən heyvandarlıq məhsulları üzrə istehsal 3,3%, bitkiçilik məhsulları üzrə isə 2,7% artıb.
 
Cari ilin son 10 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10,9 milyon manat olub, onun 5,1 milyon manatı heyvandarlıq, 5,7  milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM