ANS PRESS əkinçiliklə bağlı mövcud problemlərin kökünə toxunub
Aran zonasında yaşayan Məmməd kişi əkinçiliklə məşğul olurdu. Hər il öz torpağını əkib-becərən kəndli 7 baş külfətini bu yolla dolandırırdı. Məmməd kişi əkin xərcləri üçün dövlətdən subsidiya da alır. Ancaq ötən il məhsulun az olması kəndlini çətin vəziyyətə salır. Gəlir əldə edə bilməyən fermer indi ailəsini necə dolandıracağını düşünür. Dövlətdən aldığı pulun azlığından gileylənən Məmməd kişi gəlirinin xərcini ödəmədiyini deyir. Fermer hektara görə 40 manat aldığını, bunun isə xərclərinin heç 50 %-i ödəmədiyini söyləyir. Məmməd kişi bu çətin vəziyyətdə ailəsini də götürüb Bakıya getmək niyyətindədir. Deyir ki, şəhərdə kirayə bir ev tapıb qalaram: “Onsuzda qazandığım 5-3 manatdı. Onu da fəhləliklə çıxardaram”.
Təəssüfki bu gün Məmməd kişi kimi kənddən şəhərə üz tutanların sayı az deyil. Mütəxəssislər bildirir ki, əslində bu prosesi əksinə çevirmək lazımdır. Yəni, insanları şəhərdən kəndlərə yönləndirmək lazımdır. Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, hazırda Azərbaycanda 400 min hektardan çox əkinə yararlı boş torpaq var. Mütəxəssisin fikrincə, fermerləri əkinə maraqlı etmək üçün stimullaşdırıcı addımlar artırılmalıdır. Vahid Məhərrəmov ölkədə fermerlərə ayrılan subsidiyaların da hələlik heç bir effektinin olmadığını deyir:
"Azərbaycanda subsidiyaların verilməsinə 2007-ci ildən başlanılıb. Fermerlərə əkin sahələri üçün 40 manat, buğda istehsalı üçün isə hər hektara 80 manat müqabilində subsidiya verilməsi nəzərdə tutulub. Bizdə istehsalda artım gözlənilirdi. Amma bu proses əksinə, idxalda artıma gətirib çıxardı. Fermerlərə verilən subsidiyalar öz səmərəsini vermir. Bunu, hazırda ölkənin taxıla olan tələbatı idxal hesabına ödəməsi faktı ilə sübut etmək olar. Biz çalışmalıyıq ki, bu sahəyə qoyulan hər bir manat ölkəyə gəlir gətirsin, səmərə versin. Çalışmalıyıq ki, əkinçilik sahəsinə ayrılan vəsaitlər artırılsın. Bu ilin son 6 ayında subsidiyalar üçün 22 milyon manat pul ayrılıb. Payız aylarında da fermerlərə bir o qədər vəsait ödəniləcəyi gözlənilir. Ancaq təəssüf ki, bu vəsaitlərin səmərəliliyi çox aşağı səviyyədədir. Avropada fermerlərə 300 manat, Yaponiyada 470 dollar, Amerikada isə 400 dollara yaxın subsidiya ödənilir. Ancaq bir məsələ var ki, xarici ölkələrdə fermerlər vergi ödəyicisidir. Bizim ölkədə isə bu fərqlidir. Məsələn, bizdə fermerlər gəlirlərindən vergi ödəmirlər. Bu kimi hallarda nəzərə alınmalıdır".
Azərbaycanda digər bir problem məhsulun keyfiyyət məsələsidir. Əkilən torpaqdan yaxşı məhsul əldə etmək olmur. Son illər quraqlıq olması da məhsulların keyfiyyətsiz olmasına təsir edir. Bununla yanaşı xarici ölkələrdən alınan toxumların keyfiyyətsiz olması da bol məhsul yığımına mənfi təsir edir.
Mütəxəssislərin fikrincə, toxum istehsal edən böyük dövlətlər yaxşı toxumu özlərinə saxlayırlar. Keyfiyyətsiz toxumlar isə digər ölkələrə satılır. Burada məqsəd rəqib ölkələri bazardan sıxışdırıb çıxarmaqdır.
Vahid Məhərrəmov qeyd edir ki, Rusiya bazarı Azərbaycan üçün yeni imkanlar aça bilər. Ancaq bu bazara girmək üçün ilk növbədə yerli istehsalı artırmaq lazımdır:
“Rusiyanın özü bəzi kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün proqramlar qəbul edib. Tərəvəzçilik və meyvəçilik sahəsində də RF böyük vəsaitlər ayırıb. Onlar daxili istehsalı artırmaq niyyətindədir. Ancaq bu, indiki zamanda real görsənmir. Azərbaycan üçün isə bu bazar çox maraqlıdır. Həm yaxındır, həm də sərfəlidir. Sahibkarlara maraqlıdır ki, malını yaxşı qiymətə satsın. Onlar üçün gəlir əldə etmək daha əhəmiyyətlidir. Məhz bu amillər nəzərə alınaraq ölkədə daxili tələbatı ödəyə bilmək üçün yerli istehsal artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi boş torpaqlarla bağlı iş görməlidir. Bizdə istehsal sahəsində texnika, logistika və s. kimi problemlər mövcuddur. Bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır”.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) isə bildirilib ki, KTN tərəfindən hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağına görə fermerlərə dövlət büdcəsindən ödənilən 40 manat yardımın verilməsi davam edir.
Həmçinin, kənd təsərrüfatı istehsalçılarının istifadə etdiyi mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi həyata keçiriləcək. İndi 33 rayon (şəhər) komissiyası üzrə 202 966 istehsalçıya 651 92,78 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 26 mln. 43 min 711,2 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.
Nazirlikdən qeyd edilib ki, fermerlər üçün hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardıma artıq iyun ayından başlanılıb. Subsidiyalar xüsusi ilə taxıl, qarğıdalı, üzüm bağları, tərəvəz kimi sahələrdə istifadə olunur.
Ekspertlər qeyd edir ki, Azərbaycan SSRİ dövründə yerli istehsalı ilə MDB-də ilk pillələrdə qərarlaşırdı. Təkcə Lənkəranda əkinçiliklə məşğul olan yerli əhali Rusiya bazarına göy-göyərti çıxararaq xeyli gəlir əldə edirdi. Bu halı digər bölgələrimiz üçün də misal göstərmək olardı. Xüsusilə meyvəçilik və tərəvəzçilik sahəsində Azərbaycanın həm iqlim şəraiti, həm də münbit torpaqları xeyli əlverişlidir. Mütəxəssislər Azərbaycanda yerli istehsalı yenidən bərpası ilə ölkəmizin dünya bazarında nefti ilə yanaşı, pambığı, buğdası, meyvəsi və tərəvəzi ilə çıxa biləcəyinə ümid edirlər.
ANN.Az