Bu gün Bakıda UEFA kubokunun “Dördlər finalı”nın üçüncü yer uğrunda və final görüşləri keçiriləcək.
ANN.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, bürünc medal uğrunda “Araz” (Azərbaycan) “Kayrat”la (Qazaxıstan) görüşəcək. Finalda isə “Dinamo” (Rusiya) “Barselona”nı (İspaniya) sınağa çəkəcək.
“Sərhədçi” İdman Olimpiya kompleksində keçiriləcək üçüncülük yarışması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Araz” yarımfinalda penaltilər seriyasında “Berselona”ya məğlub olub. Naxçıvan klubunun UEFA kubokunda ən yaxşı göstəricisi üçüncü yerdir (2010). Turnirin son qalibi “Kayrat” isə 1/2 finalda “Dinamo”ya məğlub olub.
Bakı vaxtı ilə saat 21:30-da isə “Sərhədçi” İdman Olimpiya kompleksində final oyununun fiti səslənəcək. “Dinamo” 6 dəfə turnirin mərhələsinə çıxaraq bu göstəriciyə görə rekordçudur. Rusiya təmsilçisi 5 dəfə bilavasitə final oyununda iştirak edib və finallardan 4-də uduzub. Bu görüş rusiyalıların sayca 6-cı final görüşü olacaq. Komanda yalnız 2007-ci ildə UEFA kubokunu başı üzərinə qaldırıb. “Barselona” da UEFA kubokunu cəmi bir dəfə – 2012-ci ildə qazanıb. O zaman kataloniyalılar finalda məhz “Dinamo” üzərində qələbə qazanıblar.
26 aprel
Üçüncü yer uğrunda
19:00 “Araz” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)
Final
21:30 “Dinamo” (Rusiya) – “Barselona” (İspaniya)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !