Millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dünən lent.az saytına verdiyi müsahibədə sosial şəbəkə istifadəçiləri barədə xoşagəlməz fikirlər səsləndirib. Deputat "Facebookda hər yoldan keçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki facebookda olanların hamısı avara, işsiz-gücsüz adamlardır" fikirlərini bildirməklə ölkə əhalisinin çox hissəsini təhqir etmiş olub.
Sonxeber.Az bu məsələ ilə bağlı sosial şəbəkədən mütəmadi olaraq yararlanan KİV rəhbərlərinin fikirlərini öyrənib.
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: "Ölkədə avara varsa, onun özüdür"Zahir Əzəmət (qaynarinfo.az): "Araz Əlizadə fikrini ifadə edəndə uyğun sözlər seçməyib və bir siyasətçiyə yaraşmayan ehtiyatsızlığa yol verib. Amma... fakt budur ki, "Facebook" asılılığı bütün dünyada, özəlliklə Azərbaycanda ciddi məsələyə çevrilib. Bir çox ölkələr bunu hətta xəstəlik kimi qeydə alır, müalicə yollarını axtarır. Məncə, Araz Əlizadənin fikirlərinə yox, problemin özünə köklənmək lazımdır. Necə edək ki, insanlarımızı həyata, ailəyə, çevrəyə, dostlarının yanına qaytaraq? Necə edək ki, onların faydalı iş əmsalı yüksəlsin? Necə edək ki, insanlarımız "Facebook"da özünü hamıdan ağıllı hesab etmək xəstəliyindən və hər şeyə illah da münasibət bildirmək məcburiyyətindən qurtulsun?"
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: Anar İmanov (milli.az): "Hər kəs fikrini bildirə bilər, amma o demək deyil ki, kimsə kimisə təhqir edə bilər. Əgər kimsə nədənsə istifadə etmirsə, istifadə edə bilmirsə və yaxud hansısa səbəblərə görə nəyisə etmirsə, insanlara qarşı belə bir sözlər söyləməsi düzgün deyil. Ola bilər, kimsə yaxşı üzür, amma mən sudan qorxduğum üçün bunu etmirəmsə, bu o demək deyil ki, mən üzgüçülüklə məşğul olanları təhqir etməliyəm, belə adamlar haqda sosial şəbəkələrdə "şüursuz", "avara, işsiz-gücsüz" yazmalıyam. Başqa bir məsələ bununla bağlıdır ki, əgər kimsə kimisə təhqir edirsə, bu məsələlər qanun çərçivəsində təhqirsiz, aşağılamadan həll olunmalıdır".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: Elşad Eyvazlı (modern.az): "Araz Əlizadə həmişə ampluasına uyğun danışan adam olub. Hesab edirəm ki, onun fikirlərini şişirtmək doğru hal deyil. Çünki ona mətbuatda yer verilməklə onun sözləri sosial şəbəkədə şişirdilir. Araz Əlizadə bitmiş bir insandır. Təəssüf ki, bu gün mətbuat ölüləri diriltməklə məşğuldur".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ:Cəlil Cavanşir (a24.az): "Əslində avaranın, bivecin yekəsi Araz Əlizadənin özüdür. Onun belə açıqlama verməsinin səbəbi nədir? Araz Əlizadə kimi uğursuz siyasətçilər, dırnaqarası ictimai xadimlər sosial şəbəkədən düzgün istifadə edə bilmirlər. Özləri sosial şəbəkədə avaralandıqları üçün elə başa düşürlər ki, orda olanların hamısı avaradırlar. Dünyada ictimai xadimlərin, siyasətçilərin çoxu öz işləri barədə məlumat vermək üçün sosial şəbəkələrdən istifadə edir. Araz Əlizadənin sosial şəbəkələr haqda kifayət qədər məlumatı yoxdur, cahil adamdır. O, sosial şəbəkələrin mahiyyətini dərk etmədiyi üçün onun verdiyi açıqlama da bundan artıq olmayacaqdı. Ümid edirəm ki, heç kim Araz Əlizadə kimi adamları ciddiyə almır. Ancaq mətbuatın bu məsələni işıqlandırması bir tərəfdən yaxşıdır ki, o, öz məntiqsiz fikirlərini başa düşəcək. Çünki ölkə başçısı, ölkənin I vitse-prezidenti və digər dövlət xadimləri sosial şəbəkədə var. Bu adam "avara" adlandırdığı insanların əksərinin ictimai xadim, jurnalist, həkim və s. sahələrdən olduğunu unudur. Ona başa salmaq lazımdır ki, ölkənin böyük əksəriyyəti "Feysbuk" istifadəçisidir və milyonlarla adam avara deyil. Maraqlıdır ki, bizim saytımızın əməkdaşı bu gün bir xəbər yazıb. Onun özünün "Feysbuk"da səhifəsi var. Açıq şəkildə vurğulayıram ki, ölkədə avara varsa, Araz Əlizadənin özüdür".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: "Nailə Bağırova (ann.az): "Millət vəkilinin böyük toplumun istifadə etdiyi sosial şəbəkə barədə belə ümumiləşdirici qiymət verməsi təbii ki, məyusedicidir və haradasa məsuliyyətsizlikdir. Çünki ən azı onun avara adlandırdığı adamlar arasında onun seçiciləri ola bilər. Seçici orqan üzvünün belə fikir yürütməsi qəribə səslənir. Təbii ki, Facebook böyük auditoriyadir və orada müxtəlif fikirli adamlar ola bilir. Facebook insanların fikir mübadiləsi apardıqları informasiya mənbələrindən biridir. Yaxşı olar ki, millət vəkili bu auditoriyaya belə prizmadan baxsın və tənqidə dözümlü olsun!"
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ:Ülviyyə Alovlu (big.az): "Sosial media hazırda cəmiyyətimizdə aparıcı rol oynadığı halda, bir millət vəkilinin bu cür fikirləri qeyri-adekvat görünür. Sosial media ictimai rəy formalaşdırmağı ilə bahəm həm də əlçatmaz şəxslərə ünsiyyət üçün çox əlverişlidir. Məsələn, şairə kimi mən - həmkarım Leyla Əliyevanın sosial şəbəkədəki fəaliyyətini yaxından izləmək imkanı əldə etmişəm. Onun bir şairə kimi dəyişən əhval-ruhiyyəsini sehr dolu şeyriyyətində izləmək gündəlik hobbimə çevrilib. Əminəm ki, Araz bəyin də mənim kimi aktiv Facebook istifadəçisi ilə bölüşəsi bir nəsr və ya nəzm dünyası olsaydı, belə danışmazdı".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ:Rəşad Ergün (komanda.az): "Araz Əlizadədən onun üçün bir az böyük ifadə də olsa, siyasi fiqur olaraq həmişə iyrənmişəm. Onun nə dediyi, nə deməyə çalışması da önəmsizdir".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: "Rəşad Məcid (525-ci qəzet): "Mən 8 ildir ki, sosial şəbəkədən istifadə edirəm. O uzun müddət sosial şəbəkədən istifadə etməyib deyə, düşünüb ki, ora avaraçılıq yeridir. Bu dəqiqə dünyanın ən ciddi adamlarından tutmuş siyasətçilərinə kimi hamısı sosial şəbəkələrdədir. Kim ora hansı niyyətlə girirsə, onlar üçün o cür məkandır. Məsələn, ciddi siyasətçilər üçün ora öz fikirlərini çatdırmaq, ictimai fikrə təsir etmək, yazarlar üçün öz yazılarını təbliğ etmək yeridir. Ora tanışlıq məqsədi ilə girənlər də var, kimlərdənsə qisas almaq üçün adamları şərləmək istəyənlər də var. Amma məsələ burasındadır ki, bir jurnalist, baş redaktor kimi sosial şəbəkə mənim üçün bir iş, işimi asanlaşdıran bir vasitədir. 15-20 il əvvəl ağlımıza gəlməyən kommunikasiya əlaqələri indi sürətlənib. İndi kimdən müsahibə almaq istəyirsənsə, onu sosial şəbəkə vasitəsilə tapmaq olur. Daha çox gənclər bu prosesə uyğunlaşdıqları üçün yaşlı adamlar üçün bir qədər çətindir. Bura elə bir yerdir ki, hər adam burda duruş gətirə bilməz, istifadəçilərin diqqətini özünə çəkə bilməz. Gərək fərqli, qeyri-adi fikir bildirəsən ki, özünə maraq cəlb edəsən. Şəxsən mənim üçün sosial şəbəkə tez ünsiyyət qurmaq, xəbərləri paylaşmaq məkanıdır".
Araz Əlizadənin "avara" söhbətinə media rəhbərlərindən SƏRT TƏPKİ: Vüsal Məmmədov (azvision.az): Facebook-da hər cür adam var. Axmağı da, ağıllısı da, avarası da, zırraması da. Qız tutanı var, quş buraxanı var... Olduqca ciddi adamlar, alimlər, siyasətçilər, dövlət başçıları da var, veyil bivec süləntilər də. Kimsə Facebook-a girdiyinə görə avara sayıla bilməyəcəyi kimi, kimsə sırf Facebook-a girmir deyə ciddi şəxs sayıla bilməz".
Məsələ ilə bağlı müstəqil ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün də fikirlərini öyrəndik. O, Milli Məclisin deputatını məsələyə qeyri-ciddi yanaşmasına görə tənqid etdi: "Araz Əlizadənin bu fikirlərini ciddiyə almaq lazım deyil. Yəni, ciddi biri üçün dövlətçiliyin apardığı siyasətdən xəbərdar olan məmura yaraşmayan açıqlamadır. Ona görə düşünmürəm ki, Araz Əlizadənin bu fikirlərinə ciddi yanaşmaq lazımdır. Dövlət rəsmiləri çıxışlarında sosial media ilə bağlı, informasiya açıqlığı ilə bağlı məsələlərə ciddi önəm verir. Dövlət tərəfindən açıq hökümətin təşviqi ilə bağlı sənədlərdə sosial medianın, sosial şəbəkələrin daha da inkişaf etdirilməsindən söhbət gedir. Amma indi dövlətin özünün sosial media sahəsində inkişafı ilə bağlı nəzərdə tutulanları kimsə "avaraçılıq" adlandırırsa, deməli, onun dövlətin siyasətindən xəbəri yoxdur. Hesab edirəm ki, Araz Əlizadə Azərbaycanda sosial media sahəsindəki inkişafdan xəbərsizdir. Milli Məclisin deputatının bu məsələlərdən xəbərsiz olmasına təəssüf edirəm".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !