ARDNŞ-dən yanacağın qiymətinin qalxmasına münasibət

18:29 | 03.12.2013
ARDNŞ-dən yanacağın qiymətinin qalxmasına münasibət

ARDNŞ-dən yanacağın qiymətinin qalxmasına münasibət

David Məmmədov: «Yanacağın bahalaşmasının istehlak bazarına təsiri 3,8% olacaq»

Azərbaycanın daxili bazarında avtomobil benzini və dizel yanacağının qiymətinin dekabrın 3-dən etibarən artırılması hazırkı iqtisadi şəraitdə qaçılmaz olub və bir neçə iqtisadi amillə bağlıdır.

 

Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bəyan edib.

 

Yanacağın bahalaşmasının səbəbləri barədə danışar D.Məmmədov ilk növbədə bildirib ki, bu məhsullarla bağlı sonuncu dəfə qiymət artımı 2007-ci ilin fevralında baş verib və beləliklə son təxminən 7 il ərzində qiymətlər eyni səviyyədə olub: «Bu müddət ərzində dünya və Azərbaycan iqtisadiyyatında ciddi proseslər gedib, iqtisadi durum yaxşılaşıb, əhalinin gəlirləri artıb və eyni zamanda yanacağa tələbat daim artmaqdadır. Bundan başqa, apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda yanacağın qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Həmçinin, Azərbaycanın regional nəqletmə dəhlizi olmasını nəzərə alaraq, bu, bazarda müəyyən qeyri-mütəşəkkil ixraca da səbəb olur və disbalans yaranır. Bütün bu amilləri nəzərə alaraq, bu şəraitdə əvvəl-axır qiymətlərin artımı baş verməli idi».

 

Eyni zamanda D.Məmmədov bu artımın iqtisadiyyata və istehlak bazarına təsirini etiraf etsə də, lakin bu təsirin ciddi olmağını vurğulayıb. D.Məmmədovun sözlərinə görə, Dövlət Neft Şirkətinin beynəlxalq məsləhətçilərlə birgə hazırladığı makroiqtisadi ssenariyə görə, hazırkı qiymət artımının istehlak bazarına təsiri 3,8% səviyyəsində proqnozlaşdırılır.

 

D.Məmmədov həmçinin dekabrın 2-dən 3-nə keçən gecə ölkədəki yanacaq-doldurma məntəqələrinin (YDM) fəaliyyətini müvəqqəti dayandırması və əhaliyə yanacaq satmaması məsələsinə də aydınlıq gətirib. Belə ki, bu, YDM-lərdə mövcud avadanlıq və hesablama-kassa aparatlarının yeni qiymətlərə uyğunlaşdırılması, mal qalığının hesablanması və inventarlaşması işləri ilə bağlı olub. Çünki bu, həm daxili sistem, həm də vergilərin hesablanması üçün zəruri bir tədbirdir.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM