Argentina mətbuatı Azərbaycanı “Qafqazın Avropası” adlandırdı

21:39 | 03.12.2013
Argentina mətbuatı Azərbaycanı “Qafqazın Avropası” adlandırdı

Argentina mətbuatı Azərbaycanı “Qafqazın Avropası” adlandırdı

Üçüncü Bakı Beynəxalq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuş “GF-Communications” media şirkətinin direktoru Diego Velazquezin Latın Amerikasında geniş oxucu kütləsinə malik Argentinanın nüfuzlu “La Nacion” qəzetində “Azərbaycan – Qafqazın Avropası” adlı yazısı dərc olunub.

Azərbaycanın Argentinadakı səfirliyindən ANN.Az-a verilən məlumata görə, səfərinin təəssüratlarını bölüşən müəllif, sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın 2005-ci ildən etibarən dünya üzrə ən yüksək inkişaf göstəricisi əldə etdiyini bildirir. Bakının heyrətamiz arxitekturaya malik olduğu, şəhərin qədimiliklə müasirliyin təzadını özündə əks etdirdiyini, gecə vaxtı mükəmməl işıqlandırmanın şəhərin mədəni irsinin daha da gözəlləşdirdiyini qeyd edir. 

Müəllif, Bakının qədim tarixi abidələri, zəngin sosial-mədəni həyatı, çoxmədəniyyətli xüsusiyyəti, habelə Azərbaycanın rəngarəng mətbəxi haqda danışır.

“Əhalinin rifahı olduqca yüksək səviyyədə olduğundan, ölkəni Qafqazın Avropası adlandırırlar” - deyən müəllif vacib məqamlardan birinin də ölkənin təhlükəsiz olduğunu diqqətə çatdırır.

Səfər vaxtı Naxçıvana da getdiyini, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin burada doğulduğunu bildirən müəllif, Naxçıvanın füsunkar mənzərəsi, müalicə mərkəzi olaraq dünyada əvəzi olmayan Duzdağ mağarası, Möminə Xatun türbəsi və digər dəyərli mədəni irs nümunələrindən bəhs edir, ölkədəki hər bir abidənin tarixin müxtəlif mərhələlərində Azərbaycanın iştirak etdiyi geosiyasi mübarizələr haqda öyrənməyə imkan verdiyini qeyd edir. 

“Ölkə əhalisinin, ələlxüsus gənc nəsilin böyük dövlət olmaq uğrundakı fəaliyyəti və qətiyyəti xüsusilə qeyd olunmalıdır. Burada bütün işlərin mümkün olan ən yaxşı şəkildə həyata keçirilməsi üçün müstəsna diqqət və çalışqanlıq göstərilir. Səmimi şəkildə deyə bilərəm ki, Azərbaycanla, bu Odlar Yurdu ilə tanış olmaq son dərəcə gözəldir”, deyə müəllif yazısını tamamlayır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM