ARGTMŞ Avropa Gənclər Forumunun iclasına ev sahibliyi edir

13:08 | 29.08.2014
ARGTMŞ Avropa Gənclər Forumunun iclasına ev sahibliyi edir

ARGTMŞ Avropa Gənclər Forumunun iclasına ev sahibliyi edir

Bu gün, Bakı şəhərində Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun (AGF)  idarə heyətinin iclası start götürəcək. İdarə heyətinin iclasının Avropa Gənclər Forumunun tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda keçirilməsi qərara alınıb. Tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall,   idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edəcək. 31 avqust 2014-cü il tarixinədək davam edəcək tədbir Avropa Şurasının 2014-cü ilin noyabr ayında baş tutuacaq hesabat seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclasıdır. 

İdarə heyətinin İclası zamanı iştirakçılara tədbirə ev sahibliyi edən Azərbaycan Respublikasında gənclərlə bağlı görülən işlər və Azərbaycan Gənclər Siyasəti haqqında məlumat veriləcək. Avropa Gənclər Forumunun kvartal üzrə fəaliyyət hesabatı dinləniləcək. Hesabat dövrü ərzində Foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat veriləcək. Hesabat dövrü üçün maliyyə hesabatı təqdim olunacaq. İdarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri də Avropa qitəsinə daxil olan ölkələrdə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olacaq.

Forumun prezidenti Piter Matyaşiç və baş katibi Allan Pall Azərbaycanda olduğu müddətdə, həmçinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncə, şəhərinə səfəri planlaşdırılır. Səfər çərçivəsində rəsmilər Avropa Gənclər Paytaxtı seçildikdən sonra Gəncə şəhərində baş verən yeniliklər, gənclərlə bağlı görülən işlər və əldə olunan nəticələrlə tanış olacaq. 

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Təşkilatlarının Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM