Artıq erməni dilini öyrənməyə ehtiyac görmürəm - Xankəndinin deputatı/MÜSAHİBƏ

11:40 | 06.11.2023
Artıq erməni dilini öyrənməyə ehtiyac görmürəm - Xankəndinin deputatı/MÜSAHİBƏ

Artıq erməni dilini öyrənməyə ehtiyac görmürəm - Xankəndinin deputatı/MÜSAHİBƏ

Qarabağda keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycan polisləri  vaxtı ilə işğal altında olan bütün ərazilərə nəzarəti bərpa edib. Prezident İlham Əliyev oktyabrın 15-də  Xankəndində Dövlət Bayrağını qaldırıb. Anews.az azad olunan Xankəndində baş verən son prosesləri həmin şəhərdən seçilmiş deputat Tural Gəncəliyev ilə müzakirə edib:

 Xankəndinin azad olunması xəbərini eşidəndə hansı hisslər keçirdiniz?

- Xankəndinin azad olunmasını hər bir azərbaycanlı kimi mən də qürur və sevinc hissi ilə qarşıladım. Çünki mən 1980-ci ildə həmin şəhərdə doğulmuşam və məni, ailəmi Xankəndinə bağlayan çox şey var. Bu bizim tariximizdə ən böyük qələbədir. 

- Təxminən nə qədər erməniəsilli vətəndaşın Qarabağa qayıtmasını gözləmək olar?

- Məncə, bunu demək üçün nə qədər erməni sakinin müvafiq portal vasitəsilə qeydiyyatdan keçəcəyini gözləmək lazımdır. Ancaq Ermənistanda həmin portal qadağan edilib. Ermənistan və onun havadarları orada yaşamış insanların geri  dönməsində maraqlı deyillər, çünki, onlar 30 il ərzində belə bir mif yaratıblar ki, azərbaycanlılarla yaşamaq mümkün deyil. Əgər onlar ora qayıdıb, bizimlə bir yerdə yaşamağa başlasalar, Azərbaycan vətəndaşlığını qəbul etsələr, qurduqları mif darmadağın olacaq. Buna görə də Azərbaycan vətəndaşlığı onlara sərf etmir. Hal-hazırda Xankəndində qalan və vətəndaşlıq üçün müraciət edən ermənilər də var. Bu da onlar üçün hər cür şərait və imkanlın yaradılmasından xəbər verir. 

- Vətəndaşlıq üçün nə qədər erməni sakini müraciət edib?
 
 - Təəssüf ki, belə bir məlumatım yoxdur. Bunu ancaq müvafiq dövlət qurumlarından dəqiqləşdirmək olar. 

 - Qarabağa yaşayan azərbaycanlı icmasının sədri olmusunuz. Bu icma 2021-ci ildən, yəni ləğv olunduqdan sonra, "Qarabağa dönüş” adlandırılıb. İcma üzvlərinin hazırda hansı qayğı və problemləri var? Yenə müraciətlər olurmu?

- Qarabağda yaşamış və hazırda keçmiş məcburi köçkün olan insanların əsas istəkləri Qarabağa dönmək, orada yaşamaqdır. Seçicilərimiz hər hansı məsələ ilə bağlı müraciət edirlərsə, biz onların  problemləri ilə maraqlanırıq, müraciətlərini müvafiq qurumlara göndəririk.  Azərbaycan xalqının əsas istəyi torpaq idi. Amma bununla yanaşı bizə edilən bütün müraciətlərə əlimizdən gələn köməyi etməyə çalışırıq. Bizim əsas işimiz Qarabağa, Xankəndinə, Şuşaya dönüşdən sonra başlayacaq. İnsanlarımız öz vətənlərində rahat məskunlaşacaqlar, yaşayacaqlar, yaradacaqlar və beləliklə Qarabağımızın dirçəlməsinə öz tövhələrini verəcəklər.

- Prezident inteqrasiyadan danışdı, amma biz sosial şəbəkələrdə erməniəsilli vətəndaşlara qarşı bir "nifrət nitqi" görürük. Sizcə bu nədən xəbər verir?

- Mən deməzdim ki, azərbaycanlılarda xüsusi nifrət hissi aşıb daşır. Xalqımız çox dözümlü, tolerant və müdrikdir.  Nifrət dünya erməni diasporlarından gəlir. Təbii ki, bizdə də əsəblərinə hakim ola bilməyən insanlar ola bilər. Amma həmin insanların 30 il ərzində öz torpaqlarından məhrum olduqlarını, ailə üzvlərini, yaxınlarını itirdiklərini unutmamaq lazımdır. Xocalıda soyqırıma məruz qalan insandan biz birdən-birə ermənilərə qarşı tolerantlıq gözləyə bilmərik. Bu, təbii ki, düzgün olmaz. Məntiqsiz olar. Amma inanıram ki, bu kimi məsələlər yavaş-yavaş öz həllini tapacaq.  Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər dövlətimizin qanunlarına tabe olacaqlar, dövlətimizin bayrağı altında yaşayacaqlar. Bütün bunları qəbul edəcəklərsə, biz də onları qəbul edəcəyik, amma istəməyəcəklərsə, bu mümkün olmayacaq. Ancaq azərbaycanlılar nifrət hissi ilə yaşayır demək doğru deyil. Məncə Ermənistan havadarları bizə qarşı daha çox nifrət bəsləyir. Çünki onların ideologiyası azərbaycanlılara, türklərə nifrət əsasında formalaşıb. Biz isə elə deyilik. Biz heç vaxt nə ermənilərə, nə də erməni xalqına nifrət etməmişik. Biz sadəcə olaraq, Ermənistan işğalçı qüvvələrinin 30 il ərzində torpaqlarımızı işğal altında saxlamasının əleyhinə olmuşuq və hazırda erməni ordusunu vurub çıxarmış, torpaqlarımızı geri qaytarmışıq.  Bizim prinsipimiz, mövqeyimiz belədir. 

- Şəxsən Siz köçən ermənilərin geri qayıtmasını istəyirsizmi? 

- Mən öz qanunlarına hörmət eləyən, Azərbaycan respublikasını, bayrağımızı, gerbimizi sevən və Azərbaycan qanunlarına hörmət edən bir vətəndaş olaraq ölkəmizdə yaşayanların hamısına hörmət edirəm. Çünki biz multikultural və  multietnik ölkəyik. Amma istəyimin burda bir əhəmiyyəti yoxdur. Dövlətimizin bir mövqeyi var. Bu siyasi diplomatik bir mövqedir. Burda istəklərdən,  emosiyalardan söhbət getmir. Yəni burda biz Qarabağda yaşayan erməni sakinlərlə bağlı hər hansı fikirlər səsləndirməklə  dünya erməni təbliğat maşının dəyirmanına su tökmüş oluruq.  Bizim problemimiz Ermənistan ordusu  və ideologiyası ilə idi. 

- Qarabağın erməni sakinləri Azərbaycanın tərkibinə qatılmamaqlarını onunla əsaslandırırlar ki, Azərbaycanda demokratik institutlar zəifdir. Sizin millət vəkili olaraq, bu fikirlərə münasibətiniz necədir? Sizcə niyə onlar belə düşünürlər ? 

- Bu bir bəhanədir. Dünya erməni təbliğat maşını, erməni diaspor təşkilatları elə qurulub ki, onlar azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasını istəmirlər. Azərbaycanda insan hüquqlarının nıntəmin olunmaması ilə bağlı bəhanələr uydururlar. Biz isə ermənilərə birlikdə yaşamağı təklif edirik. Bu da dünya erməni mifalogiyasının darmadağın olmasıdır. İşğaldan əvvəl Xankəndidə ermənilərlə azərbaycanlılar erməni milliyətçiləri gəlib aranı qarışdırana qədər birlikdə yaşayırdılar. Azərbaycanlıları qırdılar. Ərazi iddiası zəmnində qırğınlar törədərək, düşmənçiliyə səbəb oldular. Ona görə də, Ermənistanın başqa bir təbliğatıdır.  Məsələn keçmiş Ermənistan prezidenti Köçəryan "ermənilərlə azərbaycanlıların etnik səviyyədə birlikdə yaşamaları mümkün deyil” deyib. Əgər onlar özləri elə deyirlərsə, deməli, bu etnik nifrətin də toxumlarını özləri əkiblər. 

- Növbəti parlament seçkiləri gəlir və artıq Azərbaycan vətəndaşı olan erməniəsilli vətəndaşlar Sizin həm seçiciniz, onlardan biri isə rəqibiniz ola bilər.  Bu barədə nə düşünmüsünüzmü?

- Bunu yəqin ki, növbəti seçki kompaniyası çərçivəsində nəzərə alacağıq. Seçkilərdə namizədlər kimlər olacaq, necə olacaq, hansı proseslər baş verəcək hələlik bilinmir. Məncə arabanı atın qarşısına qoymayaq. Hələlik seçkilərə qədər biz torpaqlarımızın bərpasına,  insanların torpaqlarımızda  əmin-amanlıqla yaşaması üçün işlərin aparılmasına fokuslanmalıyıq. Növbəti seçkilər olacaq, orda hansı şəxslər iştirak edəcək, erməni əsilli sakinlər orda namizəd kimi olacaq, ya olmayacaq bunların hamısını gələcək göstərəcək. Hal-hazırda biz daha böyük problemlərə fokuslanmalıyıq. 

- Amma belə bir ehtimal gözlənilir? 

- Azərbaycan vətəndaşı olan, Azərbaycan Respublikasının Konstitusiyası ilə seçmək və seçilmək hüququ olan hər kəs Azərbaycan respublikası ərazisində keçirilən seçkilərdə iştirak edə bilər. 

- Qarabağa qayıdıb vətəndaşlıq alan ermənilər həm də vəzifəyə gəlmək hüququnu əldə edəcəklər. Sizcə, onlara nə qədər etibar etmək olar ?

- Azərbaycan vətəndaşlarının konstitusiyada hüquq və imtiyazları var. Biz Azərbaycan vətəndaşlarını etnik xüsusiyyətlərinə görə, bölmürük. Qarabağda yaşayan sakinlərin mədəni, bələdiyyə hüquqları, Azərbaycan vətəndaşları kimi konstusiyamız ilə nəzərdə tutulan müxtəlif hüquqlardan istifadə etmək haqları olacaq. Bizim qanunlarımız konkretdir. Etibar etmək məsələsinə gəldikdə, siz Azərbaycan qanunları çərçivəsində hər şeyə əməl edirsinizsə, vətəndaşlıq vəzifənizi normal icra edirsinizsə, burda Azərbaycan vətəndaşı kimi yaşayırsız. Yox əgər əməl etmirsizsə, orda qanunları pozan şəxslərə etibar etmək olmaz. Burada biz etibar dedikdə milli və mənəvi cəhətləri kənara qoyuruq. Əsas fakt qanunun müəyyən etdiyi çərçivə götürülür. O prinsipləri biz hüquqi prinsiplərlə qarışdırmayaq. Məsələnin mənəvi tərəfi başqadır. Ona görə də etimad etibar məsələsi qanun çərçivəsində nəzərdən keçməlidir. Azərbaycan artıq güclü  lideri olan, güclü dövlət institutu olan, ağıllı insan kapitalı olan bir dövlətdir. Bu gün biz Cənubi Qafqazda lider ölkəyik. Qlobal səviyyədə siyasət aparırıq. Enerji təhlükəsizliyi sahəsində, hərbi təhlükəsizlik sahəsində bu gün dünyanın ən inkişaf etmiş ölkələrindənik. Ona görə iki-üç nəfər gəlib Azərbaycan vətəndaşlığı alar, planlar qurar və s kimi məsələlərə layiq deyilik. Bu elə də asan deyil.


 
30 il Qarabağa gəlməyən BMT-nin müşahidə missiyası artıq iki dəfə Qarabağda olub. Sizcə onların məqsədi nədir?

- Onların məqsədi gəlib yerində faktlarla tanış olmaqdır. 30 il ərzində torpaqlarımız işğal altında olanda biz nə qədər sorğu eləsək də, heç bir beynəlxalq təşkilat nə Ermənistana təzyiq edir, nə də Qarabağa missiya göndərə bilmirdi. Bizim isə gizlədəcək heç nəyimiz yoxdur. Biz şəffaf və açıq şəkildə deyirik ki, buyurun, gəlib baxın. Gələcəkdə hansısa beynəlxalq məhkəmələrdə, müxtəlif qurumlarda bu video arxivləri göstərəcəyik və kim nə cür gedib, insanlara qarşı məcburiyyət olubmu, olmayıbmı, kimin məqsədi nə olub özləri görəcəklər. 

- Sizin həm də Xarici İşlər Nazirliyində fəaliyyətiniz olub. Azərbaycan diplomatiyasında bu gün hər hansı boşluq varmı ?

- Azərbaycan diplomatiyası bu gün kifayət qədər effektiv fəaliyyət göstərir. Bax elə bizim müharibə dövründə, 44 günlük savaş zamanı, antiterror təbliğatlarında diplomatiyamızın səylərini təqdirəlayiq hesab edirəm. Həmişə inkişaf üçün, tərəqqi üçün hər bir qurumda perspektivlər var. Ancaq mən demək istəyirəm ki, bizim diplomatiyamız qarşıda duran məqsədlər üçün çox düzgün şəkildə irəliləyir. Vəzifələrini icra edir, amma bu gün bəzi məsələlər var ki, bizdən asılı deyil. 

- Ermənistan xarici jurnalistlərin Qarabağ bölgəsinə  səfərlərini təşkil edirdi, amma biz xarici jurnalistləri hələ də, Xankəndinə buraxmamışıq. Bunun səbəbi nədir?

- Biz böyük mina problemi ilə üzləşən torpaqlarımızda ehtiyyatlı olmalıyıq. 44 günlük savaşdan dərhal sonra biz insanları dərhal azad olunmuş ərazilərə buraxsaq, bunun təhlükəli fəsadları olardı. İndi isə artıq yavaş-yavaş insanlar gedir, səfərlər edirlər. Həmçinin jurnalistlər və  beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin səfərləri təşkil edilir.  Bunlar hamısı mərhələ-mərhələ, səbir və təmkinlə edilməlidir. Hal-hazırda elə bir dövrdür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əleyihimizə çox kasayda mpaniyalar yarandı. Mümkün qədər ehtiyyatlı olmaq lazımdır. Elə kütləvi informasiya vasitələri ola bilər ki, gəlib orada reportajlar hazırlayar və əleyhimizə istifadə edər. Biz kimin hansı məqsəd ilə gəldiyini də bilməliyik. Bunların hamısı araşdırılmalıdır.

- Erməni dilini bilirsinizmi? 

- Yox. Əvvəl öyrənirdim, amma artıq ehtiyac görmürəm, çünki bizim torpaqlarımız alınıb, suverenliyimiz bərpa olunub. Azərbaycan dövlətinin dili Azərbaycan dilidir. Başqa dildə danışmağa ehtiyac yoxdur. Əvvəl fikirləşirdik ki, bu, düşmənlə informasiya müharibəsi zamanı yararlı ola bilər. Ancaq indi enerjimi daha dünya səviyyəli bir dili öyrənməyə sərf etməyi daha məntiqli hesab edirəm. Amma bununla belə yenə də Ermənistan kimi qonşuluqda yerləşən, həmişə təfəkkürləri bir az fərqli olan, xəstə təfəkkürə malik olan millətin dilini həm də bizə qarşı planlarını önləməkdən ötrü bilmək lazımdır.  Hazırda öyrənmirəm, belə bir planım və fikrim də yoxdur. 

- Prezident çıxışlarının birində dedi ki, erməni dilinə, bu dilin istifadə edilməsinə Azərbaycan Respublikasının Konstitusiyası icazə verəcək. Əgər orada məktəblər açılsa, onların öz dillərində təhsil almalarına necə şərait yaradılacaq?

- Bu zaman yenə də bizim qanunlarımıza baxmaq lazımdır. "Təhsil haqqında qanun"a , konstitusiyaya baxmaq lazımdır. Amma bilirsiz Azərbaycanda etnik azlıqlar var. Onlar öz ailələrində istədikləri dildə danışa bilərlər, amma təhsil məsələlərində dövlət dili Azərbaycan dilidir. Ancaq təhsil müəssisələrinə gedən zaman Azərbaycan və rus dilində təhsil ala bilərlər. Yəni bu qanun çərçivəsindən kənara çıxılmayacaq.
 
- Sizcə ilin sonuna kimi sülh müqaviləsi bağlana bilərmi? 

- Bununla bağlı proqnoz vermək doğru deyil. Amma Ermənistanın baş naziri Paşinyan Qranadada olduğu kimi davranacaqsa, təbii ki, bu çətin məsələdir. Azərbaycanın iştirakı olmadan gedib, orda kimlərləsə görüşüb bəyənat qəbul edir. Bu nə dərəcədə doğrudur?  Azərbaycanın iştirakı ilə birlikdə oturub detalları müzakirə etmək və razılığa gəlmək olar. 2020-ci il bəyanatında şərtlər var. Zəngəzur dəhlizi açılmır, 8 kəndimiz işğal altındadır. Bütün bunlar həll olunmalıdır ki, yekun sülh müqaviləsi imzalansın. Bütün bunları həyata keçirməklə  sülh müqaviləsi imzalana bilər. Yəni şərtlər ortadadır. Amma şərtləri həyata keçirmədən müqavilə bağlamaq mümkün deyil.
 
 

 
Gülnar Nazimqıızı
Rafiq Şahbazov 
Çiçək Sadatova 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb