Artur Rasi-zadə: “Azərbaycanın qarşısında duran əsas problem...”

18:22 | 17.06.2015
Artur Rasi-zadə: “Azərbaycanın qarşısında duran əsas problem...”

Artur Rasi-zadə: “Azərbaycanın qarşısında duran əsas problem...”

Baş nazir Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın baş naziri Artur Rasi-zadə Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Artur Rasi-zadə Azərbaycanla Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək həm ölkə rəhbərləri səviyyəsində keçirilən görüşlərdə, həm Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun tədbirlərində, həm də iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın xətti ilə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəruri addımların atıldığını diqqətə çatdırıb. Bir çox məsələlərdə Macarıstanın prinsipial mövqeyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini xatırladan baş nazir qarşılıqlı faydalı əməkdaşlığımızın sənaye, nəqliyyat, turizm, humanitar və digər istiqamətlərdə daim genişləndirilməsinin vacibliyini bildirib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söz açan Artur Rasi-zadə deyib ki, ölkənin qarşısında duran əsas problem bir sıra dövlətlərin beynəlxalq məsələlərə ikili standartlarla yanaşması səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.

Laszlo Köver son illər yüksək sürətlə inkişaf edərək regionda lider mövqeyə çıxan Azərbaycanı Macarıstanın strateji tərəfdaşı kimi dəyərləndirib. Azərbaycanlı tələbələrin təhsili üçün Macarıstan ali məktəblərində 200 təqaüdlü yerin ayrıldığını xatırladan qonaq iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycanın xüsusi əhəmiyyətini qeyd edib. Ümumən bütün Avropa İttifaqı üçün Azərbaycan iqtisadiyyatının böyük önəm daşıdığını deyən qonaq Bakıda keçirilən ilk Avropa Oyunlarını əhəmiyyətli tarixi hadisə adlandırıb. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan xalqını və hökumətini təbrik edən Laszlo Köver Bakıda azarkeşlik etmək imkanı qazandığı Macarıstan idmançılarının da uğurlu çıxışlarından məmnunluq duyduğunu söyləyib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM