Arzuladığımız xəyallar, itirdiyimiz evlər - KÖŞƏ

12:10 | 20.05.2015
Arzuladığımız xəyallar, itirdiyimiz evlər - KÖŞƏ

Arzuladığımız xəyallar, itirdiyimiz evlər - KÖŞƏ

Orxan Aslanlı 
 
İnsan üçün ən əziz nə, yaxud kim ola bilər – evi, yaşadığı yer, yaxınları, doğmaları, əzizləri. Sadalananlardan birinin itkisi çox ağırdır, insan özünü dünyadan tədric olunmuş hiss edir. 

Özümü dünən baş vermiş faciəli yanğın hadisəsindən ziyan çəkənlərin yerinə qoyuram. Onların hansı hiss keçirdiklərini, nələr yaşadıqlarını bütünlüklə hiss edə bilməsəm də, təxmin edə bilirəm. Düzdü, bu yanğın tək həmin bina sakinləri üçün yox, ümumiyyətlə bütün Azərbaycan üçün bir sınaqdır. Yanğın haqqında ətraflı yazanlar da oldu, müxtəlif ehtimallar irəli sürənlər də… Yaranmış vəziyyətdən sui-istifadə edənlər də var, hadisələrin nəticələrini görüb acı-acı, içdən göynəyən də… Uzun illər bunu təhlil edib günahkar axtaran da olacaq, yanğına aiddiyatı olan-olmayan şəxslərin işdən çıxarılması, cəzalandırılması, həbsi də…

Bütün bunların hamısı kimlər üçün maraqlı olsa da, həmin bina sakinləri üçün heç də önəmli deyil. Ən azından indiki halda. Çünki onları yanıb kül olan evləri, tüstüdən boğulub öldükləri doğmaları maraqlandırır. Bu ağrıya, bu acıya necə duruş gətirmək maraqlandırır. Onlara indi ancaq təskinlik vermək mümkündür. 

Dünənki hadisələri öz gözü ilə görən, həmin hadisələri anbaan yaşayan Yaqut xanımın söz tapıb, bir iki cümlə deməyə çalışdığı ifadələr bunlar idi: "Hər şey bitdi, bina yandı, uşaqlarımı götürüb güc- bəla ilə oradan çıxdım. İndi onlar xəstəxanadadırlar, bu saatda (axşam saat 9-10 radələri idi – O.A.) gəlmişəm ki, görüm evimizdən nəsə əsər-əlamət qalıbmı? Hazırda tək bilmək istədiyim şey odur ki, görəsən bizə ev verəcəklərmi? Görəsən bundan sonra vəziyyətimiz necə olacaq? Hamınız böyük arzuları vardı, bu da belə, bu da yanan bina. Necə edəcəyik? Necə olacayıq? Söz tapa bilmirəm danışmağa”. 

Artıq yanan bina sakinləri yavaş-yavaş gəlib öz evlərinin vəziyyətlərinə baxmaq istəyirdilər. Binaya qaça-qaça girənlər, kənarda durub ağlayan qadınlar, uşaqlar… Gözlərim önündə yaranmış mənzərə  müharibədən – ağır döyüşdən sonra ortaya çıxmış döyüş meydanını xatırladırdı. 

Mən hadisə yerində olanda artıq hər şey bitmişdi, daha doğrusu, yanğın, alov binanı bitirmişdi. Ən təsirli səhnələrdən biri isə bina sakinlərinin binaya gəlib öz evlərinə kənardan, acı-acı, kədərlə, üzüntüylə baxmaq idi. Bir də onların gözlərinin dərinliyində ümid qığılcımını - bəlkə də hələ hər şey bitməyib, bəlkə də tam yanmayıb, hər şey məhv olmayıb. 

Zorla mənzilinə qalxanların blokdan çıxanda necə ağladığını, necə göz yaşı tökdüklərini müşahidə edirəm. Çarəsizliklə əl-qolunu sallayın çıxan bina sakinlərini gördükdə adam öz peşəsini, jurnalist, mübir olduğunu unudur və ancaq onlara necə yardım etmək haqqında düşünməyə məcbur olur. Amma nə eləsən də elə, ağla, qışqır, bağır, fayda yoxdur, əldən gedən getdi, dönən deyil. Yanğın binaya çoxdan öz qara "libas”ını geyindirmişdi. 

Bu yazıya sonluq vermək də o qədər asan deyil. Amma nədənsə, elə orada olanda  məhşur rus yazıçısı, publisist və filosof  Lev Tolstoyun bir fikri yadıma düşdü: "Ən güclü iki savaşçı – səbir və zamandır”.

Binadan uzaqlaşdıqca qeyri-ixtiyarı bina sakinlərinə ancaq bunları diləyə bildim: səbir və zaman
 




 
 

 
Fotolar müəllifindir

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM