NAYORA tərəfindən növbəti forum keçirilib

2023-cü il dekabrın 30-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə ilin yekunlarına və həmrəylik gününə həsr olunmuş forum keçirilib.
Forumu giriş sözü ilə açan NAYORA-nın sədri Rafael Hacıbəyli 2023-cü ilin ölkəmiz və xalqımız üçün çox uğurlu olduğunu, tarixi hadisələrə şahidlik etdiyimizi, müstəqilliyimizin bərpasından sonra ilk dəfə ərazi bütövlüyümüzü müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə təmin etdiyimizi diqqətə çatdırıb.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən NAYORA sədri bugünkü zəfərlərimizin əsasında 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin durduğunu, bu uğurlarda və o cümlədən Vətən müharibəsində parlaq qələbəmizdə əsas rolu Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvərlik ruhunda yetişmiş gənclərin oynadığını vurğulayıb. Prezident İlham Əliyevin siyasi kursuna sadiqlik və dəstək ifadə olunub.
Daha sonra gənclər təşkilatlarının fəal vətəndaşlığın təşviq olunmasında rolundan danışılıb. Qarşıdan gələn Prezident seçkilərində gənclərin fəal iştirakının vacibliyi və seçki prosesinə verə biləcəkləri töhfə müzakirə edilib. Bu xüsusda, növbədənkənar Prezident seçkiləri ilə əlaqədar gənclərin məlumatlılıq səviyyəsinin və gənclər arasında vətəndaş məsuliyyətinin artırılmasında gənclər təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
www.anews.az