Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım atılıb.
Palatadan Trend-ə verilən məlumata görə, MBNP-də yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində "Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı "ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə, nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib.
Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür. Bundan əvvəl "Kapital Bank” ASC tərəfindən 4 saylı Bakı "ASAN xidmət” mərkəzində, 2 saylı Bakı "ASAN Kommunal Mərkəzi”ndə və Masallı "ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırılaraq nağdsız ödəniş imkanı yaradılıb.
Mərkəzi Bank, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən banklar, həmçinin xidmət mərkəzlərinin də təmsil olunduğu bu İşçi Qrupu çərçivəsində atılan addımlar əsasında ölkədə emissiya edilmiş ödəniş kartları ilə "ASAN xidmət” mərkəzlərində POS-terminallar vasitəsilə HÖP üzərindən aparılan əməliyyatlarda "interçeync” xidmət haqlarının tətbiq edilməməsi (sıfır tarifi ilə tətbiqi) qərara alınıb. Bu məqsədlə "Banklararası Kart Mərkəzi üzərindən əməliyyatların aparılmasına dair Kollektiv Saziş”ə müvafiq düzəlişlər edilərək iştirakçı təşkilatlarla razılaşdırılıb. Eyni zamanda, aparılan əməliyyatların xidmət haqlarının tətbiq edilməməsi ilə emal olunması məqsədilə Banklararası Kart Mərkəzi səviyyəsində yeni Merchant Category Code (MCC kod) təyin edilib.
Birgə aparılacaq islahatlar əsasında digər "ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş imkanları təmin ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !