Asim Mollazadə Atlantik Şurasının sammitində Azərbaycanın mövqeyini ifadə edib - FOTOLAR

13:42 | 26.11.2013
Asim Mollazadə Atlantik Şurasının sammitində Azərbaycanın mövqeyini ifadə edib - FOTOLAR

Asim Mollazadə Atlantik Şurasının sammitində Azərbaycanın mövqeyini ifadə edib - FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda keçirilən Atlantik Şurasının Enerji və İqtisadi sammitində iştirak edib. Sammiti giriş nitqi ilə Türkiyə prezidenti Abdulla Gül açıb. 

ABŞ-ın energetika naziri Ernest Monis, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, müxtəlif vaxtlarda ABŞ prezidentlərinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri olmuş general Brent Skoukroft, Samuel Riçard Berger və dünyanın digər məşhur şəxsləri regionun enerji, iqtisadiyyat, siyasət, biznesin inkişafı, mövcud siyasi münasibətlər, qarşılıqlı əlaqələr sahəsindəki çətinliklər və sair məsələlər barədə çıxış ediblər. İraqın enerji naziri öz çıxışında İraq qazının Türkiyənin həyata keçirdiyi Trans Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropa bazarlarına çıxarılması imkanlarından danışıb. Eyni zamanda İsrail qazının da TANAP vasitəsilə Avropaya daşınmasının perspektivi müzakirə olunub. Burada Qara dəniz və Xəzər regionu, Yaxın Şərq, Balkanlar, ABŞ və Avropa Birliyi ölkələrinin regional və qlobal problemləri, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. 

Zirvədə ən çox Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi Transadriatik Qaz kəməri (TAP) layihəsinin əhəmiyyətinə diqqət yetirilib. Qeyd olunub ki, son illərdə Türkiyə Azərbaycanla birgə həm neft, həm də qaz layihələrini həyata keçirməklə ABŞ-ın və ümumilikdə Avroatlantik məkanın əsas enerji alternativinə çevrilib. Bir sıra Avropa ölkələrinin nümayəndələri də Avropanın məhz Rusiyanın qaz inhisarından qurtarması üçün Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələri xüsusilə vurğulayıb. 

Asim Mollazadə müzakirələrdə fəal iştirak edib. O, Azərbaycanın da iştirakı ilə regionda həyata keçirilən layihələrin önəmindən danışıb. Son illərdə ABŞ və Avropada yaşanan iqtisadi böhranın qlobal siyasətdə doğurduğu təhlükələrdən bəhs edib. Təəssüflə bildirib ki, maliyyə böhranından sonra ABŞ və Avropanın bölgəyə diqqətinin azalmasından buradakı təhlükəli qüvvələr istifadə edə bilərlər. A.Mollazadə Rusiyanın region dövlətlərinə təzyiqlərini və Ermənistanın enerji ölkəsi olan Azərbayacana qarşı işğalçılıq siyasətinin törətdiyi fəsadları qeyd edib. Ermənistanın öz müstəqillini itirərək inkişaf səviyyəsinə görə Rusiyanın əyalətlərindən biri olan Kalininqraddan fərqlənmədiyini vurğulayıb. Qeyd edib ki, Ermənistanın Rusiya asılılığı regionda sülhə, sabitliyə və mühüm enerji layihələrinin həyata keçirilməsinə maneçilik törədir. Odur ki, beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər regionun inkişafı üçün Rusiyanın təsirlərini azaltmağa, bölgədəki münaqişələrin həllinə çalışmalıdır.     

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti