“Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına şübhəm yoxdur. Sadəcə olaraq, bunun nə vaxt baş verəcəyi sual altındadır. Lakin hər şeyə rəğmən, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısına həsr edilmiş iclasında çıxışı zamanı bu məsələ ilə bağlı fikirlərini şərh edərkən deyib.
Millət vəkili qeyd edib ki, dünyada hələ də ikili standartlar hökm sürür.
“Əgər buna son qoyulmasa, müharibələr bitməyəcək, münaqişələr həll olunmayacaq və bütün bunlardan xalqlar əzab çəkəcəklər. Biz hüququn aliliyinin tərəfdarıyıq. Buna görə də beynəlxalq hüquq normalarının kağız üzərində yazılan boş sözlər yox, real işdən ibarət olmasını istəyirik”,- deyə A. Mollazadə qeyd edib.
ANN.Az